Xəbər lenti

elgunnnc.jpgElgün Gəncimsoy

Hələ beş yaşıma təzəcə keçmişəm. Kəndimiz (1993-cü ildən işğaldadır) qış əlbəsəsinə bürünüb gələn payızın gətirdiyi ilk qara ev sahibliyi edirdi. Havada şaxta olduğu üçün qar yerdə 5 sm-ə qədər yığılmışdı. Bir yanda kəndimizə yaxın olan cəbhədən eşidilən mərmi səsləri, bir yandan da tarlı-kamanlı toy səsi eşidilirdi. Uşaq xatirəsi deyək: Ağ-qara film kimi canlanır hər şey gözümün önündə. Postdan təzəcə gələn dədəm məni boynuna alıb toya apardı. O Xosrov kişinin mağazasının qarşısında - eşidirsənmi?... Şahmalı baba Zabul oxuyur - dedi. Qanmazdım Zabul nədir. Amma çox həzin və dərin musiqi səsini lap açıq-aydın eşidirdim. Toy evinə çatdıq. Musiqiçilər adəti üzrə başdan qurulmuş səhnənin üstündə muğam ifa edirdi. Çöldə toy evinin çağır-bağırını çıxsaq mağarda bir inli-cinlinin cınqırıda çıxmırdı... Axı Şahmalı Kürdoğlu oxuyurdu. Özü də Kolanı toyunda...

Lap başda Maya nənəmi və bacısını, sonra Mehralı əmimlə İlham əmi var idi oturanlar sırasında. Həə... bir də Alxan müəllimi tanıdım. (Hamısı rəhmətə gedib. Onlara kəndimizdə dəfn olunmaq da qismət olmadı...) Dədəm məni yerə qoydu. Əmim əli ilə yoldaşlara məni onun yanına aparmağı işarə elədi. Apardılar. Alnımdan öpüb dizinin üstündə oturtdu məni. (Əmim çox mehriban insan idi. Həm də Kolanı elində nüfuz sahibi olan kişilərdən olub) Əmimin qucağından insanlara baxıram. Hamı lal-dinməz Ş.Kürdoğlunun segahında başqa aləmin seyrinə çıxıb sanki. Muğamdan sonra əlində nar çubuğu olan bir əmi "Sənəmi" sifariş elədi. Nənəm gil qalxıb oynadılar. Hamı ədəblə əl çalırdı. Lap rəhmətlik Şahmalı babanın özü də... Bir haşiyə çıxıb onu da diqqətinizə çatdırım ki Şahmalı Kürdoğlu rəhmətlik Gəncim babamla türmə yoldaşı olduğu üçün bizimkiləri yaxşı və yaxından tanıyıb. O vaxtı da hər kişi hər kişi ilə yoldaşlıq edib, çörək kəsməzmiş haa... Özü də bu yoldaşlıq türmədən başlaya... Axı həm də o vaxtlar hər saat, hər şeyə görə adam tutmazdılar. Xülasə, toyda növbəti rəqslər davam edir: "Barı yada sal məni" mahnısı daha sonra Süleymani, onun ardinca bir şıdırğı papaq gəldi. Oynayan oynayır, qalanları əl çalırdı. Hələ arada musiqiçilər ayaqlarının altına qoyduqları manqaldakı közü eşməklərin, şirəli badunusda, buxarlana-buxarlana gələn qaynar çayı demirəm... Rusun çap elədiyi əskinaslarsa xəzəl kimi yağırdı, qarmonun fitliyarına.

İndi 31 yaşındayam. Yuxarıda adlarını çəkdiklərimin hamısı dünyasını dəyişib. Nənəm də, əmim və əmi dediklərim də. Şahmalı babanı isə ermənilər Qiyaslı kəndində şəhid elədilər. Məni qınamayın. Nə də mənə kohnəfikirli deməyin. Deyəsən toylarımız da, toy adət-ənənələrimiz də elə Şahmalı babayla Qarabağda qaldı. Əbəs yerə belə demədim.

Bəlkə də ermənilər, lap elə bəlkə də milli mədəniyyətimizi sevməyən ermənidən betər mikroblar mərhələ-mərhələ məhv etməyə başladı hər şeyimizi. İndi cəmi bircə Vağzalı qalıb. Onuda yapon həngaməsi ilə səsləndirirlər. Hərdənsə dədəsinin qoluna girib kilsəyə - nigah mərasiminə gedən gavur gəlinlərə elə kilsədəcə çalınan musiqi ilə əvəz edirlər. Deməli bir zamanlar "Mirzəyi" adlı bu gözəl musiqinin sədaları ilə Azərbaycanın ilk lokomotivi vağzaldan yola salınıb. Elə o gündən bu günə Vağzalı qalıb bu musiqi əsərinin adı. Əbəs yerə xatırlatmıram bu tarixi. Yəni bir zamanlar tonlarla çəkisi olan paravozu yola düzəldən musiqi İndi o qədərmi əldən düşüb ki 50-60 kiloluq gəlini yerindən dəvərdə bilməsin?!... Ya da Türkdən mədəniyyət öyrənənlərin gic-gic dınqıltısı ilə əvəz olunsun?!

Silah-sursat, texnika, lap elə pal-paltar moderinləşə bilər. Amma adət-ənənə əsla... Axı biz mədəniyyətimizə, tariximizə necə calaq edə bilərik?!... Bizi biz edən elə o ənənələr deyilmi? Məgər onların dəyişdirilməsi mənəviyyatımıza, psixologiyamıza təsir etmirmi?!.. Məsələn bir xırda misal çəkim. İllərdi evində böyütdüyü qızını evindən ər evinə yola salan ana, qapıdan çıxan qızına baxarkən qeyri vağzalı ilə içində hönkürüb, çölündə kövrələ bilərmi? - Bəlkə də bilər. Amma təbii alınmaz. Orjinal olmaz... Lap ingiliscə düşünüb Azəricə ifadə etməyə çalışan natiqin rabitəsiz nitqi kimi... İndi gördünüzmü bir ana köçən qızı üçün öz anası kimi duyğulana bilmədi.

Gəlin bir də qayıdaq keçmişə. Özüdə mənim, sizin olmadığı keçmişə. Şahverdi babaya Qönçəgül nənəni kəl arabasıda gəlin gətiriblər. Həmin vədə Qarabağa - onun-bunun qapısında nökər işləməyə gələn, az sayda olan erməni ailələri arabanın yanında qaçıb noğul dilənirmiş. Arabanı sürən də arabir həyasız erməni dğasının kürəyinin arasına qamçı çəkirmiş. Əşi nəysə... - Qönçəgül gəlin iki aydan artıq qaynatasının üzünə çıxmayıb. 11 uşaq doğub. Özüdə ev şəraitində. Cəmi iki arvadın və bir ləyən ilıq suyun köməkliyi ilə. O uşaqların içində müharibəyə gedib medalla qayidanı da olub, heç qayıtmayanı da olub, Vətənimizin farslarla ruslar arasında bölünməsinə etiraz edərək dəstə yığıb qacaqlıq edəni də olub, lap elə xalq yazıçısı və alimi də olub. Amma olub...

Maraqlıdır görəsən Qönçəgül gəlin prokat qaliklə, bir günlük kiralanmiş saraya gəlib sonra sitildiyə-sitildiyə qazı borcdan kəsilmiş iki otaqlının bir otağında, buz kimi gərdəkdə zərli pencəyi, güllü jileti, qaşlı qalustuqu olan Şahverdi qaqaşla "Yaponiya bayrağın" düzəldib üç gün sonra qız evinə təhvil versəydilər o 11 əjdaha törüyərdimi?! Elə bilirsiniz "yox" deyəcəm?! Əsla! - törüyərdi... törüyərdi... Lap 12-də gələrdi. Amma... (...)

Yəqin deyə bildim. Bu uzun-uzadı yazı ilə nə demək istədiyimi anlamayan hər kəsə borcluyam. Di sabahınız xeyirə açılsın cənablar!

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.