Xəbər lenti

ceyhunnebiyaz.jpg
CEYHUN NƏBİ 

Azərbaycan Cümhuriyyəti işğal olunarkən ən çox narahat olanlardan biri Parlamentə rəhbərlik etmiş Həsən bəy Ağayev idi. Çünki bu dövlətin memarlarından biri o idi. Sadəcə memarlarından biri yox, o dövlətin yaranmasının ideya müəlliflərindən biri. 1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyətinin istiqlal bəyannaməsini o elan etmişdi. Həmçinin ona səs vermişdi. Ona görə Azərbaycan Cümhuriyyətinin varlığı Həsən bəy üçün böyük əhəmiyyət kəsb edirdi. Bu səbəbdən 1920-ci il 28 apreldə Azərbaycan Cümhuriyyəti sovetlər tərəfindən işğal edilərkən o sarsıntı keçirmiş, böyük əziyyətlərlə qurduqları dövlətin işğalına susqunluqla yanaşmamışdı. Dünyanın bir çox dövlətlərinə, mərkəzlərinə işğal haqqında məlumatlar vermişdi. Tiflisdə öz fəaliyyətini quraraq, bu istiqamətdə işlər görməyə başlamışdı. Bundan narahat olan sovet rejimi orada onun sonuna çıxdı. Həmin zamanlarda Həsən bəy Ağayev məktub göndərdiyi şəxslərdən biri Osmanlının hərbiyyə naziri olmuş Ənvər paşa idi. İşğalın əsl məqsədini, burada yer almış şəxslərin əsl kimliklərini təfsilatı ilə ona bildirmişdi. Uzun zaman bu məktub gizli qalsada 1937-ci ildə İstanbulda Fuad Əmircanın redaktorluğu ilə çıxan <<Kafdağı. Kafkasya haqqında yazılar dərgisi>> ilk dəfə bu məktubu yayınlanmışdı. Azərbaycan oxucusu isə ilk dəfə Həsən bəy Ağayev irsinin araşdırıcılarından olan Rəfael Hüseyinovun təqdimatında oxumuşdu. Tarixi əhəmiyyətə malik olan bu məktubu biz yenidən təqdim edirik:

                            “Həsən bəy Ağayevin Ənvər paşaya məktubu”

    “ Dövlətli paşa həzrətləri ! Neçə müddətdən bəri rus bolşevikləri haqqında Azərbaycan mətbuatı “İttihad” qəzetəsi və Bakıda yaşayıb da zat-i alilərinizin namında çalışan türk zabitanı növbənöv şayiələr və saxta məlumat intişar edilməkdə idi.

    Milli Moskva Şura höküməti və zat-i aliləri arasındakı müsahidənamə mücibincə tərəfeynin orduları Anadoluda birləşərək müttəhidən Antantaya qarşı müharibə yapıb aləm-i islamı ümumən və türkiyəti xüsusən sahil-i səlamətə çıxaracaqlardır deyə Azərbaycan türkləri arasında ciddi surətdə propaqanda yapılmaqda idi. Məzkur şaiyatdan ən ümdə və önəmlisi bu şaiyatlar idi.

    Rus ordusu Azərbaycan təriqilə keçməli imiş və Bakını kənarda buraxıb Qarabağ vasitəsi ilə Ermənistana keçib Anadoluya varacaq imiş. Bu kimi əsassız fikirlərə əhalini alışdırmaq üçün məzkur zabitan tərəfindən artıq ciddiyyət göstərilirdi.

    Xəlil paşa, Baha Səid, doktor Fuad, Bəhaəddin bəylər bu işin başında bulunanlar idi. Hətta böylə söylənirdi ki, guya, Rusiyadan Anadoluya gələcək qoşun orada sırf türk əsirləri ilə, macar və almanlardan mütəşəkkildir. Qoşun baş komandanı isə Ənvər paşadır. Azərbaycan xalqı bu kimi şaiyata, bir növi, inanan kimi idi. Çünki bunları intişar edən zat-i aliləri tərəfindən göndərilmiş osmanlı zabitanı idi. İş başında bulunan zəvat bu yolda məqsədlərinə müvəffəq ola bilmişlərdir. Bununla bərabər, əhalinin qəlbində, bir növi, şübhə dəxi var idi. Çünki rus bolşeviklərinin sözlərinə bir kimsə etibar etmək istəmirdi. Bunların əsl fikir və məqsədləri hər kəs üçün bəlli idi. Bunların siyasətləri, bunların xətt-i hərəkətləri əhalinin doğru düşüncələrini isbat etməkdə idi.

    Azərbaycanın vəziyyət-i siyasiyyəsi get-gedə formalaşmaqda idi. Bakı içərisində və Azərbaycan parası ilə nəşv-ü nüma bulmuş və zat-i aliləri tərəfindən müvəkkəl olmuş zabitan təht-i idarəsində olan əsgəri təşkilat rus bolşevikləri kəndi içərisinə qəbul etməyə belə başladı və bir çox zaman keçmədən kəndisi də bolşevik təşkilatı rəngini aldı. Bir tərəfdən iş böylə getməkdə ikən, digər tərəfdən Bakıda sakin rus və erməni fəhlələri hökümətin əleyhinə olaraq ciddi surətdə qüvvələrini toplamağa başlamış idilər.
duuuuuuuu54.jpg

 Aprelin əvvəlində istiqlalı Avropa tərəfindən qəbul edilmiş Azərbaycanımızın şimal sərhədlərində Rusiya Şura höküməti qoşunu toplanmaqda idi. Bu qüvvələr getdikcə artırdı.

...Aprelin 24-cü gecəsi Rusiya Şura höküməti qoşunu Azərbaycan tərəfindən qətiyyən bir səbəb olmadığı halda vətənimizə təərrüz edib şimal sərhədimizi keçməyə başladı. Azərbaycan qoşunlarının yüzdə doxsan doqquz hissəsi Qarabağda erməni asiləri ilə muharibədə olduğundan şimal sərhədimizdə 300-ə qədər əsgərimiz Rusiya qoşununa icabınca müqabilə edəməmiş, bununla bərabər imkan daxilində müqabilə edirdi. Hər iki tərəfdən məqtul və məcruhlar düşmüşlər. Bolşeviklər iki gün sonra məqtullarını Bakıda təntənəli bir surətdə dəfn etmişlərdir.

    27 aprel axşam zamanı rus ordusu Bakının 15 kilometrliyinə çatmış. Rus qoşunu Bakıya çatar-çatmaz Xəlil paşa ilə doktor Fuad rusları qarşılayıb bunlar bizim müttəfiqlərimizdir deyə əhalini müqabilədən saxlamışlar. Rus qoşunu Bakı nəzdində olarkən şəhər içərisində olan rus bolşevikləri bir neçə müsəlman bolşeviklərini əldə alət edərək onların vasitəsilə və Bakı altında bəkləyən rus süngülərinə istinadən Azərbaycan  Məclis-i Məbusanına oltimatom verib hökümətin onlara təslimini tələb etmişlərdir.

    Azərbaycan istiqlalı Şura höküməti tərəfindən qəbul edilir və Şura qoşunu müsəlləh surətdə qətiyyən Bakıya daxil olmayacaqdır deyə bolşeviklər tələbləri üzərində israr etmişlər. Şəhərdə Azərbaycan qüvve-yi əsgəriyyəsi olmadığı üçün Məclis-i Məbusan məcbur olaraq höküməti bolşevik firqəsi tərəfindən intixab olunan bir komitəyə təslim etmiş.

    27 aprel gecə saat 1-2 radələrində hökümət felən bolşeviklərə keçmiş. Ertəsi gün rus qoşunu şərtləri pozaraq Bakıya daxil olmuş və şəhərə girər-girməz müsəlman polis məmurlarını tərk-i silah edib silahı rus və erməni fəhlələrinə paylamış, müsəlman məmurlarından bir çoxu həbsə alınıb, bəzilərini də qurşuna tutub. Hökümət əzaları fərar edib zir-i zəminlərdə, yaxud köy və dağlarda yaşamağa məcburdurlar.

... Ol günlər islamlardan təyin edilmiş altı-yeddi “komissarlar” - Mirzə Davud Hüseyinov, Qarayev Əliheydər, Bünyadzadə, Musa Bəkirov, Çingiz Sultanov, Qəni Alimov sonralar rus və erməni bolşevikləri tərəfindən təht-i nəzarətə alınıb onlara rus və erməni əsgərlərindən müsaidəsiz bir iş görməyə və yaxud qərar verməyə imkan verilmir. Ordu başında Ənvər paşa həzrətləri əvəzinə erməni Mikoyanı görən islamlar dəhşətə düşmüşlər. Hal-hazırda ixtiyar felən islamlar əlindən çıxıb aşağıda isimləri mündəric erməni və ruslara keçmişdir : Mikoyan-erməni, Xaçiyan-erməni, Qabrielyan-erməni, Orcenikidze-gürcü, Levandovski-rus, Savalyev-rus, Liberman-yəhudi.
b_800_600_0_00_images_xeber_sekilleri_5iyun2018_duuuuuuuuuuuu543.jpg

... Xəlil paşa, Baha Səid, Bahaəddin, doktor Fuad məhbusdurlar və Rusiyaya göndərilmişlərdir. Nuru paşa fərar etmiş. Azərbaycanın bu müşkül halında istifadə etməkdə olan ermənilər iş başına keçməyə başladılar və Qarabağda hücüma iqdam eylədilər.

... Şübhə yox ki, neft mədənləri olan Bakını əldən buraxmamaq üçün Rusiya Şura höküməti Azərbaycanı parçalayıb erməni, gürcü və başqa millətlərə verməyə belə hazırdır. Azərbaycanın halı getdikcə fənadır. Ruslar ermənilərlə birlikdə qüvvələrini artıraraq Azərbaycanı tamamən məhv etməkdədir.

    Bolşeviklər hər milləti müstəqil görmək istədikləri halda məsələ islamlara gəlincə, onları təht-i təbiiyətlərinə alıb zincirli əsarətdə saxlamaq istərlər.

    Bu əski Rusiya siyasəti bolşevik ruslar tərəfindən dəxi yürüdülür. Türküstan ilə Azərbaycanın indiki halı bunu tamamilə isbat edir. Azərbaycanın indiki halı- cənub cəhəti- ermənilərə, qərb cəhəti- gürcülərə, Bakı və ətrafını ruslar özlərinə saxlayacaqlar. Ruslara Azərbaycanın nefti lazım olduğu üçün bu yolda əllərindən gələni əsirgəməyəcəklərdir. Azərbaycanın bu vəsfə gəlməyən bu fəlakətinə səbəb zat-i aliləri tərəfindən müvəzzəf zabitanın xətaları olmuş, zat-i alilərilə Rusiya Şuralar höküməti beynində mövcud əqdnamə nəticəsində Azərbaycan məhv olur. Zat-i aliləri ruslar tərəfindən aldadılmışdır.

    Azərbaycan islam əhalisi bu qədər tökülmüş qanlar, viran şəhərlər, köylər məsələsində  məsul zat-i alilərini bilirlər. Zira, zat-i aliləri namına siyasət yürütdükləri kimi, ruslar, dəxi zat-i aliləri namını əldə alət edib öz kəndi məqsədlərini təqib edirlər.

    Əgər zat-i aliləri Rusiya Şura höküməti ilə əqdnamə ilə bağlıdırsa, əminəm ki, ciddi surətdə lazımı tədbir buyurub rus ordusunu Azərbaycandan çıxarmağa çarə bular. Və illa ki, böylə gedərsə, az müddət keçmədən Azərbaycan təkrar əski Rusiyanın bir vilayəti halına düşər.

    Məktubumun xülasəsi: Azərbaycana təvcih edən əski amir Rusiyanı bərpa fikrinə düşən sol rus firqəsidir. Kolçak, Denikin, baron Vrangel və başqalarından fərqi yoxdur. Məqsədləri birdir. Biri bir milli məqsədi sağdan təqib etdiyi zaman, digəri aynı məqsədi soldan təqib edir. Bu rus əməlinin qurbanı olan müstəqil Azərbaycan, hər halda, kəndi şərəfini və istiqlalını müdafiə edə bilərdi. Əgər bir neçə macəraçıların siyasəti və avamfirib təbliğatı qüvve-yi müqabiləmizi felc halına gətirib nəticədə rusları kəndi vətənimizə buraxmasaydı.

Şimdi bu şəxslər dəxi kəndi xətalarını düşünmüşlər. Lakin son peşmançılıq fayda verməz.

Azərbaycanın tamam sərvətinin zorən alınıb bolşeviklər tərəfindən Moskvaya göndərilməsini görən əhali daha bunların <<Şərqə nicat verəcəyik>>  sözlərinə qətiyyən inanmırlar. İnanmaq dəxi olmaz. Zira rus Şərqin nicatı deyil, onun məmatını arzu edər.

Dövlətli Paşa həzrətləri !

Məktubumun, şübhəsiz, çox qüsuru var. Əlimdən gələni yazdım. Azərbaycanlı olduğum üçün qəlbim atəş tutub yanır. Qüsurlarımdan dolayı əfvimi dilərəm, əfəndim. Əgər zat-i aliləri tərəfindən yardım olarsa, türk Azərbaycanı kəndi haqq və istiqlalını hər halda müdafiə və mühafizə etməyə qadir olur. Azərbaycana ariz olan hadisat və fəlakət haqqında biz kəndimiz Avropa hökümətləri qarşısında protesto etmişik. Rus ordusunun Azərbaycandan çıxarılmasını tələb edirik ”.

 

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.