Xəbər lenti

aaamaaaa.jpg
Elşən Əlisoy

1994-cu ildən bağlanan və 24 il uzanan şərəfsiz "atəşkəs rejimi"nin "bəhrəsini" ermənilər görməyə başlayırlar.  Bir zamanlar BMT -nin Ermənistan əlehinə qəbul etdiyi  məlum qətnamələri əlimizdə bayraq edib, hardasa bir ümid gözlədiyimiz hisslərin də üstündən qara xətt çəkilməyə başlayır. Ermənistan böyük tədbirlərə ev sahibi edir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları üzərində qurulan qondarma rejimin başçısı ölkələrə səfərlər edir, aksiyalar keçirir və qondarma rejimi tanıtmağa başlayır. Bu cür durumda çox təəssüf ki,  bəzi sapı özümüzdən olan baltalar da "erməni siyasəti"nin alətinə çevrilməyə başlayırlar.

Bildiyiniz kimi işğalçı Ermənistanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasına Azərbaycan dövlətinin adından qatılan Mətbuat Şurasının sədri, millət vəkili Əflətun Amaşov və daha bir millət vəkili Eldar Quliyev və Asəf Hacıyev bu cür tədbirdə iştirak etməklə haqlı bir suala cavab verməlidirlər: Siz hansı millətin vəkilisiniz?! Söhbət Azərbaycan xalqından gedirsə, Azərbaycan xalqı Ermənistanı işğalçı rejim olaraq qəbul edir və ağlı başında olan hər bir Azərbaycan ziyalısı işğalçı rejimin dünyadan təcrid olunmasının tərəfdarıdır. Təcrid siyasəti tək iqtisadi embarqolarla aparılmır. Təcrid siyasətinin əsas prinsiplərindən biri də işğalçı dövlətin beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin qarşısını almaq deyilmi?! Belə olmalı halda nədən Ermənistanda keçirilən tədbirlərin qarşısı alınmır?!  Ən azından nədən Ermənistanda keçirilən tədbirdə iştirakdan imtina etmirsiniz ?! Bəyəm siz anlamırsınız ki, işğalçı rejimin ev sahibliyi etdiyi tədbirdə iştirak etmədikdə verəcəyiniz bəyanatlarda Ermənistanın işğalçı rejim olduğunu, minlərlə Azərbaycan vətəndaşlarını qətlə yetirdikərini, girov götürdükləri vətəndaşlarımızın - qadın və körpələrimizin insan oğlunun ağlına gəlməyəcəyi işgəncələrə məruz qoyduqlarını deməklə siz Azərbaycana və həqiqətə həmin tədbirdə iştirak etməyinizdən daha çox xeyir vermiş olarsınız?!

Acınacaqlı vəziyyətin biri də budur ki, başqa vaxtlarda ermənilərlə görüşən və  ya Ermənistana səfər edən QHT üzvlərini yıxıb-sürüyən mətbuat orqanları Əflatun Amaşovun səfərinə nədənsə susurlar. Bax budur Azərbaycan mətbuatının bu günki faciəli durumu!

 Bir qarın çörək, maddi dolanışıq bir zamanlar qəzet köşklərində saatlarla yazılarını gözlədiyimiz peşəkar adlanan jurnalistlərin əksəriyyətini "zurnalist"dən də betər aşağı səviyyəyə salıb. Artıq Azərbaycanda mədəsi vətəndən yuxarda dayanan böyük bir zümrə formalaşmaqdadır. Bu “erməni siyasəti”nə xidmət etmək deyilmi?!  Bir zamanlar Ermənistana səfər edənlərin ofisləri qarşısında aksiya keçirib, dövlətdən onlara cəza tələb edən məcburi köçkünlərin, şəhid ailələrinin bunların bu səfərlərinə susqunluqları və artıq öz taleləri ilə barışmaları “erməni siyasəti”nin nəticəsi  deyilmi?

Ermənistanda və  Qarabağda yüzlərlə dağılmış məsçidlərimiz olduğu halda Əflatun Amaşovun və Asəf Hacıyevin fars -erməni birliyinin hiyləgər birliyi nəticəsində qorunma halında olan Göy Məsciddə şəkillər çəkdirib paylaşmaları əslində ermənilərin dediyimiz  kimi vandal olmadıqlarını göstərmək deyilmi?!

Hörmətli Əflatun Amaşov, siz Gürcüstanda anadan ola bilərsiniz, ancaq xatırladım ki, sizin anadan olduğunuz  və bu gün Bolnisi şəhəri adlandırılan diyar tarixən Çörük Qəmərli adlanan Azərbaycan torpaqlarıdır və siz də bir Azərbaycan türküsünüz! 

Hörmətli Asəf Hacıyev, siz unutmusunuzsa, mən sizə qəhraman Cavad xanın diyarından olduğunuzu xatırladım. O, Cavad xanın ki, işğalçı ilə eyni masada oturmağı yox, döyüşə getməyi və şəhid olmağı üstün tutdu.

Hörmətli Eldar Quliyev, siz Azərbaycanı işğal etməyə gələn və qəhraman Cavad xanın qatili olan Sisyanovu qətlə yetirən igid Aslan bəyin doğulduğu bir şəhərdə doğulmusunuz. Bunun məsuliyyətini dərk etmək bir o qədərmi çətindir?!

Dünyanın heç bir özünə hörmət edən dövləti terrorçularla bir masada oturmur. Siz Ermənistanın rəhbərliyində təmsil olunan və terrorçu olmayan bircə nəfər də olsun adam göstərə bilərsinizmi?!

Ermənistanda keçirilən tədbirdə iştirak etməklə siz millət vəkili titulunuzun Azərbaycan xalqına nə qədər aidiyyyəti olub-olmadığını bir daha nümayiş etdirdiniz. Mən erməni vəhşiliklərinin acı nəticələrini yaşayan, yurdu-yuvası erməni işğalında olan bir insan kimi sizi tutduğunuz bu yanlış yoldan dönməyə səsləyirəm.  Şəhidlərimizin qanına batan əlləri sıxmayın!  Qız-gəlinlərimizin namusuna toxunanlarla bir masada oturmayın! Körpələrimizin dərisini soyanlarla, qadınlarımızın döşünü kəsənlərlə masada siyasət yapmayın! Uutmayın, sizə verilən imtiyazlar müvvəqqəti, tarix isə əbədidir! 31 mat soyqırımından sonra ermənilərlə bir cəbhədə olan Məşədi Əzizbəyovların, Ayna Soltanovaların, Nəriman Nərimanovların, Əliheydər Qarayevlərin talelərindən ibrət götürün!

Mən sizin Azərbaycan xalqının, şəhidlərimizin, parlamentin önündə boyunlarını bükən şəhid ailələrinin, Qarabağ qazilərinin, erməni işgəncəsinə məruz qalan qadınlarımızın – körpə balalarımızın vəkilləri olmağınızı arzu edirəm. Vallah ermənilərlə bir masada oturmaqdansa bu daha şərəflidir!

P.S. Bəlkə də bu yazıya görə sayt bloklanacaq. Ancaq bir mətbuat orqanı ki, həqiqəti dərc etməyəcək, olmağından olmamağı yaxşıdır. Bir həyat ki, həqiqətə xidmət etməyəcək, yaşamağından yaşammağı yaxşıdır.

Bir də, 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilən Göy Məsçid nə vaxtdan İran fars rejiminin mədəniyyət mərkəzi oldu? Din qardaşı dediklərimizin erməni qardaşlığı yadıma “Tülkü həccə gedir” gizgi filmini saldı. Həcc yolunda görünən tülkülərin dərilərinin soyulduğu vaxta isə çox az qalıb.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.