Xəbər lenti

qarrrbbb.jpg
Qış fəsli ərzində ayrı-ayrı dövrlərdə havanın temperaturu aşağı enəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, son illərin məlumatı onu göstərir ki, Bakıda və Abşeron yarımadasında, respublikanın rayonlarında şaxtalı günlərin və gecələrin sayı azalıb:

“Biz baza illər olan 1961-1990-ci illər arasında müqayisə aparırıq. Eyni zamanda, 1991-2017-ci ilin məlumatlarını qiymətləndirmişik. Nəticədə, müəyyən olunub ki, Bakı şəhərində yalnız dörd ildə 1964, 1969, 1972 və 1977-ci illərdə havanın orta minimal aylıq temperaturu mənfi 0,4-2,3 dərəcə şaxta təşkil edib.

1991-2017-ci illər arasında isə yalnız bir dəfə - 2008-ci ildə orta minimal aylıq temperatur mənfi 1,4 dərəcə şaxta olub. Ümumiyyətlə, qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefinə və Xəzər dənizinin yaxın olmasına görə qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil”.

Umayra Tağıyeva bildirib ki, Avropa ortamüddətli proqnozlar Mərkəzinin apardığı nəticələr göstərir ki, bizim regionda bu qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1 dərəcə yuxarı olacaq:

“Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə aktiv hava kütlələri də daxil olacaq, temperatur aşağı enəcək. Amma bu dövrlərin çox davamlı olması pronozlaşdırılmır. Mülayim günlər soyuq, şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək”.

Nazirlik rəsmisi qeyd edib ki, meteoroloji müşahidələrə görə, fevral ayında günlərin sayı bir qədər az olmasına baxmayaraq, Azərbaycanda bu ayda şaxtalı günlərin sayı daha çox olur:

“1961-ci ildən 2017-ci ilə qədər məlumatlar təhlil olunub. Müəyyən edilib ki, bu dövr ərzində fevral ayında Bakı və Abşeron yarımadasında cəmi 302 gün şaxtalı hava temperaturu müşahidə edilib.

Bu da yanvar ayı ilə müqayisədə 18 gün çoxdur. Dekabr ayında isə bu göstərici xeyli aşağı olub. 1961-1990-cu ilə nəzər salsaq, ən soyuq ay yanvar ayıdır”.

© 2016 www.sozcu.az - Bütün hüquqlar qorunur.

Təsisçi: Elşən Məmmədov (Elşən Əlisoy)
Ünvan: Ağsu şəh., Melaratorlar qəs., ev 7. m.6
email: [email protected]
Tel: (55) 972 53 53
VÖEN: 3500795242


Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.