İMAMOĞLU YENİDƏN ƏRDOĞANLA YSK-ya ÜZ TUTDU:”Yetər artıq, heç kim vəzifəni o biri dünyaya aparmır”

İstanbul bələdiyyəsi uğrunda Binəli Yıldırımla gərgin mübarizə aparan CHP-li namizəd Əkrəm İmamoğlu bu gün jurnalistlərin qarşısına çıxıb.

Sozcu.az xəbər verir ki, hazırkı vəziyyətlə bağlı son məlumatı jurnalistlərlə bölüşən Əkrəm İmamoğlunun sözlərinə görə, bu ana qədər etibarsız hesab olunan bülletenlərin 78 faizindən çoxu təkrar sayılıb: “İndiyə qədər 37 min 714 etibarsız hesab edilmiş bülletenlər təkrar sayılıb. Və bu nəticəyə görə, mən Binəli Yıldırımı 16 min 380 səs qabaqlayıram”.

İmamoğlu qeyd edib ki, İstanbulda bütün səslərin sayılmasına qərar verilərsə, bu, 238 gün çəkə bilər: “Əgər sayma işlərini aparan məmurların sayı artarsa, bu, 150 gün davam edəcək. Ona görə, mən prezidentimiz Ərdoğana səslənirəm: bu prosesə dəstək versin. Mən İstanbulu çox yaxşı idarə edəcəm. Elə edəcəm ki, “İstanbulda bu qədər gözəl tərəfdaş olmadı” deyəcəklər. Mən bu şəhəri barışdırmağa gəlirəm. Axı mən İstanbulun əleyhinə nəsə düşünə bilərəm?”.

İmamoğlu Ərdoğandan sonra YSK-ya (Yüksək Seçim Kurulu) səslənib: “Tarixi bir məsuliyyətiniz var. Və bu məsuliyyətinizi yerinə yetirdiyiniz təqdirdə, Türkiyə rahatlayacaq, millət rahat nəfəs alacaq. Hamının gözü-qulağı YSK-dadır. Sizdən ədalətli, 82 milyonu rahatlayacaq doğru qərar gözləyirik”.

CHP-li namizəd daha sonra belə davam edib: “Mən birilərinin məğlubiyyət hissini anlayıram. Bunun əvəzini ödəyəcəklərini də bilirəm. Asan deyil, 25 il idarə etdiniz. Asan deyil, uduzdunuz, amma demokratiya belədir. Heç kim vəzifəni o biri dünyaya aparmır. Yetər artıq, kədərinizi anlayıram, amma demokratiya təkistiqamətli bir yol deyil. Bu gün biz qazandıq, sabah siz qazanarsınız. Yormayın milləti”.(Strateq.az)