“İlham Əliyevi təbrik edənlərlə bir tədbirdə iştirakı məqbul saymadıq”- Arif Hacılı

Musavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk səhifəsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının 18 aprel 2019-cu ildə Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair keçirdiyi İctimai Dinləmələrdə Müsavat partiyasının iştirak etməməsinə münasibət bildirib.
Sozcu.az saytı Müsavat başqanının münasibətini təqdim edir:

“Müsavat Partiyasının Avropa İttifaqı ilə Azərbaycan arasında müzakirə olunan saziş layihəsi ilə bağlı mövqeyi həm ölkə ictimaiyyətinə, həm də layihə üzərində müzakirə aparan tərəflərə məlumdur.

Bu barədə fikrimizi Aİ- nin nümayəndələrinə zaman-zaman çatdırmışıq.
Bu müzakirələrdə mövqeyimiz barədə açıqlamalar vermişik.
Ötən həftə bu barədə Müsavat Məclisinin bəyanatı qəbul edilib.
Dünən təşkil olunan, “Müxalifət bir araya gəldi” – başlıqları ilə tirajlanan tədbirdə iştirak etməməyimizin səbəblərini soruşanlara isə cavabımız budur:

Hələ seçki başa çatmamış İlham Əliyevi qələbə münasibəti ilə təbrik edən, olmayan islahatları alqışlayan, müsavatçılara hökm oxunan günlərdə qərargahımız qarşısında sifarişli piket keçirənlərin də müxalifət adlandırıldığı tədbirdə bu məsələnin müzakirəsində iştirakımızı məqsədəuyğun saymadıq”.