İlham Əliyev BDU-ya yeni rektor təyin etdi – 3 sərəncam, 1 fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elçin Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sozcu.az sərəncamın mətnini təqdim edir:

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin.

Prezidentin digər sərəncamı ilə Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

1. Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 844; 2016, № 7, maddə 1264) ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.3.-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Sistemin iştirakçıları aşağıdakılardır:

1.3.1. dövlət orqanları;

1.3.2. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər;

1.3.3. bu Əsasnaməyə əlavə edilmiş siyahıda nəzərdə tutulan qurumlar. ”;

1.2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.4. Bu Əsasnamədə elektron sənəd dövriyyəsi dedikdə sistemin iştirakçıları arasında elektron sənəd mübadiləsinin və sistem çərçivəsində sənədlərin hərəkəti üzrə uçotun aparılması nəzərdə tutulur.”;

1.3. 2.3-cü bəndə “server” sözündən sonra “(o cümlədən ehtiyat server)” sözləri əlavə edilsin;

1.4. 5.1.1-ci yarımbəndə “xüsusi” sözündən sonra “texniki” sözü əlavə edilsin;

1.5. Əsasnaməyə əlavənin – “İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların siyahısı”nın 2-ci, 3-cü, 5-ci və 8-ci hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.