İlham Əliyev AYB-yə 3 milyon ayırdı – 2 sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sozcu.az sərəncamın mətnini təqdim edir:

1. Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Biləsuvar rayonunun Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. On iki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Biləsuvar–Bəhrəmtəpə (56 km)–Çaylı–Bağbanlar–Aranlı–Zəhmətabad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.