İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Radi Xabirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sozcu.az məktubun mətnini təqdim edir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bizim ümumi türk köklərimiz, çoxəsrlik tarixə malik mənəvi-mədəni qohumluğumuz, zəngin əməkdaşlıq təcrübəmiz, müasir Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış və Sizin adınızla ayrılmaz surətdə bağlı olan sanballı uğurlar ənənəvi Başqırdıstan-Azərbaycan dostluq əlaqələrinin daha da genişlənməsi üçün yaxşı zəmin yaradır.

Rusiya Federasiyasının Başqırdıstan Respublikası Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu əməkdaşlığın tarixi, ilk növbədə, “İkinci Bakı” adlandırılan Başqırdıstanın neft sahəsinin inkişafı ilə bağlıdır. Azərbaycanlı mütəxəssislər bizim respublikada neftçıxarma və neft emalı sənayesinin formalaşmasına fəal kömək ediblər.

Elm-təhsil və mədəni-humanitar əlaqələr mühüm ənənəvi sahələr kimi qalır. Azərbaycan təmsilçiləri Başqırdıstanda keçirilən mədəni tədbirlərin daimi iştirakçılarıdır. Ənənəyə görə, respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələri Novruz bayramında bir yerə toplaşırlar və Azərbaycan diasporu sözsüz ki, ən fəal və parlaq diasporlardan biridir. Biz bütün perspektivli istiqamətlər üzrə dostluğu və tərəfdaşlığı bundan sonra da möhkəmləndirəcəyik.

Hörmətli İlham Heydər oğlu, milli bayramınız – Respublika Günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm.

Sizə və bütün Azərbaycan xalqına firavanlıq, rifah və yeni uğurlar arzulayıram”.

Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edən Vadim Çeban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizə Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsi adından dərin hörmət və ehtiramımı bildirim, Sizi, eləcə də Sizin şəxsinizdə Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edim.

Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar və parlaq günlərdən biridir. Bu bayram öz Vətəni, onun zəngin tarixi və özünəməxsus orijinal mədəniyyəti ilə fəxr edən hər kəsin bayramıdır. 101 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika və müsəlman Şərqində qadınlara səsvermə hüququ, eləcə də bütün vətəndaşlarına cinsindən, irqindən və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verən ilk dövlət olmuşdur.

Vətənpərvərlik adət-ənənələrinə sadiqliyini, eləcə də neçə-neçə nəsillərin dəyərlərini qoruyub saxlayan Azərbaycan gələcək inkişaf naminə qarşıya qoyulmuş planların uğurla reallaşdırılması yolu ilə addımlayır. Ölkə əhalisinin zəhmətsevərliyi və həyat optimizmi, tarixi keçmişə və milli ənənələrə böyük diqqət və hörmətlə yanaşması Azərbaycan Respublikasının inkişafının əsasları hesab olunur.

İcazə verin, bu təntənəli bayram günündə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına cansağlığı, həmrəylik və əbədi sülh arzu edim. Qoy, hər bir insanın evində əmin-amanlıq hökm sürsün, xəstəlik və çətinliklər isə onlardan yan keçsin.

Qeyd etmək istərdim ki, Azərbaycan və Qaqauz Muxtar Ərazisini ümumi dil, mədəniyyət, adət-ənənələr və dini dəyərlər birləşdirir. Əminik ki, Azərbaycan Respublikası və Qaqauz Muxtar Ərazisi arasındakı əməkdaşlıq qardaş xalqlarımızın rifahına və qarşılıqlı dəstəyinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.

Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə bir daha dərin hörmət və ehtiramımı bildirirəm.