“İlham Əliyevin ayağının altını qazıyan alçaq məhz odur” – ELDAR SABİROĞLU

Bu gün Azərbaycanın keçmiş prezidenti şəxsinə böyük hörmət və ehtiramım olan Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümüdür. O, sözün əsl mənasında bir vətən sevdalısı idi. Özündən, hətta əzizlərindən daha artıq bu vətəni sevərdi. Bu yolda da ömrünü şam kimi əritdi. Allah rəhmət eləsin!!!

Məhkəmədə mənə dediyi sözləri və dəfn günü rəhmətlik Heydər Əliyevin vida mərasiminə qatıldığı anları yadıma salanda yenə şəhid pilotumuz Rəşadın dəfni ilə bağlı siyasi riyakarın heç bir çərçivəyə sığmayan açıqlamasını xatırlamalı oluram.

Bir örnək var ortada. Müqayisə üçün gözəl bir örnək!!! Başda H. Əliyev olmaqla dövlət rəhbərliyi Elçibəylə vidalaşırdı. Şəxsən Heydər Əliyevin tapşırığı ilə YAP-ın bütün rəhbər heyəti də Əbülfəz bəyin son mənzilə yola salınma mərasimində iştirak edirdi. O zaman müxalifət indikindən daha güclü və daha monolit idi. Digər tərəfdən İqtidar – müxalifət arasında mövcud kəskin münasibətlər adət-ənənəni, mənəvi dəyərləri geridə saxlaya bilməzdi. Heydər Əliyev heç nədən ehtiyat etmədən öz insanlıq borcunu yerinə yetirmək üçün Elçibəyin Milli Elmlər Akademiyasında cənazəsi başında dayandı. İndi çox şeylər danışırlar, biləndə-bilməyən də güpüyür. Heydər Əliyev salona daxil olarkən parikli bir artistin qışqırtısından başqa səs eşidilmədi. YAP və hökumət rəhbərliyi Birinci Fəxri Xiyabana qədər gəldi. Lakin heç nə baş vermədi.

…Siyasi riyakar özbaşına deyil. Beləsini oynatmaq asandır. Şəhid pilotun dəfn mərasimilə əlaqədar bu məkrin müəllifi kimdirsə hakimiyyətin birinci düşməni, İlham Əliyevin ayağının altını qazıyan, xalqla dövlət arasında qəsdən uçurum yaradan alçaq məhz odur. Cənab prezident, getməyin belələrinin fitvasına!!! Onlar Sizə xəyanət edirlər!!!

Eldar Sabiroğlu oğlu,
Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq millət vəkili