İki sevgini bir könüldə bütövləşdirən roman

Dəyərli dostum Ceyhun Nəbinin imzasını bu məmləkətdə çox adam tanıyır. Adı çəkilən kimi, ağıla ilk gələn “Cüm­hu­riyyət və mühacirət” mövzusu olur. Bu mövzuda yazdığı bir çox məqalələri çoxumuz oxumuş və həmçinin maarif­lən­mişik. Ona görə “maariflənmişik” sözünü qeyd edirəm ki, Ceyhun bəy bu yazıları və araşdırmaları yazı yazmaq xatirinə yazmır. Yazanda da bir yazının üzərində günlərlə və ya ay­larla çalışır. Mühacirlərin varisləri ilə əlaqələr qurur, bilgilər toplayır, onlardan orijinal fotolar, sənədlər əldə etdikdən sonra məqalələr hazırlayır. Mühacirlərin bəzi varisləri bəzən problem yaratsa da, Ceyhun bəy bezmir, usanmır. Ona görə ki, özü Cümhuriyyət sevdalı, onun dəyərlərinə bağlı bir in­sandır. Ceyhun Nəbinin ilk kitabı olan “Sovetlərlə üz-üzə”ni çoxumuz oxumuşuq. Bu kitabda yer alan bir çox mövzunu dövriyyəyə – tarixşünaslığa və ədəbiyyatşünaslığa ilk dəfə məhz Ceyhun Nəbi tanıdıb. Tanıtmaqla yanaşı, bu mövzu­lara öz elmi baxışını, yanaşma və təhlilini də ortaya qoyub. Bu isə tədqiqatçı dostumuzu həmin mövzuda yazan digər tədqiqatçılardan fərqləndirən xüsusiyyətdir, daha doğrusu, onun uğurudur. Hər dəfə söhbətləşəndə Cümhuriyyət dövrü ilə bağlı bir sənədli bədii roman üzərində çalışdığını deyirdi. Hətta, elə olub ki, bu romanın müəyyən bölməsini bir neçə dəfə yenidən işlədiyini söyləyib. Bilirəm ki, heç vaxt bezmə­yib. Səbəbi isə bu roman mövzusunun onun araşdırdığı və sev­diyi bir mövzu olduğu üçündür.

Romanın mövzusu Azər­baycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin siyasi yaşamından və eşq hekayəsindən bəhs edir. Romanın adı da uğurlu seçilib – “Alovlanan eşq: Cümhuriyyət və Şəfiqə Soltan”. Bir nəfəsə oxunan roman Nəsib bəyin gənclik dönəmindən ölümünə qədər olan dövrü əhatə edir. Roman­da diqqətçəkən məqamlardan biri də hər bölmənin maraqlı və cəlbedici başlıqlarla təqdim edilməsidir. Bu isə romanın oxunaqlığını və ahəngdarlığını artırır. Roman mövzusu Cey­hun Nəbinin ilk dəfə yazdığı mövzu olmasına baxmayaraq, bədiiləşdirmə ilə bərabər həmçinin hər bölmədə dövrün rəs­mi tarixi sənədlərinə və real faktlara əsaslanan maraqlı bəhs­lər də dilə gətirilir. Buna görə də, birmənalı deyə bilərik ki, bu roman Azərbaycan ədəbiyyatında sənədlər üzərindən keçən və dövrü reallıqları əsaslı şəkildə özündə əks etdirən ilk siyasi romandır. Bu sənəd və faktların bir çoxu Nəsib bə­yin varislərindən toplanıb və şübhəsiz, bədii dildə yazıldığı üçün oxucu mütləq maariflənəcək və həm də əminəm ki, ro­mandakı surətlər oxucunun sevimlisinə çevriləcək.

Əsərin əsas qəhrəmanı olan Azərbaycan Cümhuriyyətinin Baş Naziri Nəsib bəyin gəncliyindən ömrünün son gününə qədər ma­a­rif sahəsində, millət və cümhuriyyət ideallarına necə sadiq qaldığı və digər dəyərlər üçün öldürüldüyünü yazmaqla ha­mıya bir mesaj verir ki, insan öz amalı və əqidəsinə sadiq qalanda, bütövləşir və sevilir. Hətta, onu da deyim ki, Nəsib bəyin obrazında Ceyhun Nəbi bir növ özünü tapır. Hər ikisini birləşdirən və sevdirən bir dəyər var: bu dəyər də, cümhu­riy­yətçilik dəyəridir. Yazar gerçək faktlara söykənərək, ro­manda Nəsib bəyin Baş nazir olanda, dövlətçiliklə bağlı mə­sə­lələrdə prinsipiallığı və onun uğrunda canından belə keç­məyə hazır olduğunu qələmə aldığı kimi, Nəsib bəyin Şəfiqə Soltana olan sevgisini və öz sevgisi üçün hansı məhru­miy­yətlərə qatlaşdığını da bədiiləşdirib. Bu faktlardan biri Nəsib bəyin amerikan ordusunun zabiti, polkovnik CeymsRia ilə apardığı danışıqlardır. Bu danışıqlar və dialoqlarda Nəsib bəy millətpərvərlik və vətəndaşlıq mövqeyini ortaya qoyur. Onun gənc müstəqil dövlətimizi və millətimizi necə çox sev­diyini həmin dialoqları oxuduqda anlayacaqsınız.

Romanın adından göründüyü kimi, Nəsib bəyin “iki alovlanan eşqi” bir romanda birləşib. Həm Cümhuriyyətə, həm də ki, Şəfiqə Sol­tana qarşı olan sönməz sevgisi, aralarında inciklik, soyuqluq olsa belə, nə Şəfiqə xanım Nəsib bəydən, nə də ki, Nəsib bəy Şəfiqə xanımdan keçə bilib. Çünki canı ürəkdən bir-birinə bağlı olan insanların sevgisi könüllərdə həmişə əbədi və öl­məz olur, heç vaxt unudulmur və unutdurulmur. Biz bunları romanı oxuduqca Şəfiqə xanım və Nəsib bəyin timsalında gö­rürük. Nəsib bəy, Şəfiqə xanımdan əvvəl dünyadan köçsə də, “Nəsib” adı Şəfiqə xanımın könlündə kişilik və əbədiyyət rəmzi olaraq qaldı. Həm də gözlərində son damla yaş oldu. Necə ki, Şəfiqə xanım ölənə qədər deyirdi: “Nəsib hardasan? Suda ya torpaqdasan? Heç nə bilmirəm. Harda olursan ol, ətrafın nurla dolsun! Səni çox sevirəm!”. Bax, bu sözlər hər şeyə rəğmən bir-birini könüldən sevənlərin heç vaxt yaddaş­lardan silinməyən əbədi etirafıdır. Dünya var olduqca, bütün gəncliyə örnək olası real bir sevgi nağılıdır. Bu nağılda bir dövlət adamının dövlət sevgisi ilə yanaşı, cani-könüldən xa­nı­mına olan təmiz və təmənnasız məhəbbəti, sevgisi bütöv­ləşib və ya əksinə, Şəfiqə xanımın təmiz və ya təmənnasız sevgisinin özü nağıllaşıb. Bu möhtəşəm sevgini gerçək boya­larla qələmə almaq Ceyhun Nəbinin növbəti uğurudur. Uğur­ların həmişə davamlı olsun, əziz dostum! Bu sənin ilk ro­ma­nın olsa da, həqiqətən uğurlu alınıb. Ümid edirəm ki, başqa tarixi mövzuları da romanlaşdıracaqsan. Axarıncı olsun və bu mövzuda qələminin gücü tükənməsin! Ona görə ki, sən bu mövzuları əsl tədqiqatçı kimi sevərək yazırsan. Bunların ikisi də qələm adamında birləşəndə, istədiyinə nail olur. Həm yazdığı mövzunu oxucusuna sevdirir, həm də oxucu­sunu sevindirir.

Elmar Həsənli
Tarixçi, tədqiqatçı

Facebook Comments