İki qurumun bir qanun layihəsi davası – Razılığa gələ bilmirlər

“Banklar haqqında” qanuna dəyişiklikləri nəzərə tutan qanun layihəsi ətrafında müəmmalar davam edir.

Oxu.Az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, adıçəkilən qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi palamentin hələ martın 29-da keçirilən iclasının gündəliyinə salınsa da, son anda gündəlikdən geri çəkilmişdi.

Səbəb kimi də bank faizlərinin yuxarı həddinin müəyyənləşdirilməsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətinə verilməsinin Mərkəzi Bank tərəfindən narazılıqla qarşılanması göstərilmişdi.

Belə ki, Mərkəzi Bank bu səlahiyyətin onlara aid olduğunu bildirərək, belə bir dəyişikliyə etirazını bildirmiş və nəticədə də dəyişiklik layihəsi 29 mart iclasının gündəliyindən çıxarılmışdı.

Bununla belə, dəyişiklik layihəsi yenidən, yəni, parlamentin aprelin 9-da keçiriləcək iclasının gündəliyinə salınmış və bu, ciddi suallar yaratmışdı.

MM-dən əldə etdiyimiz son məlumata görə, qalmaqallı qanun layihəsi dünən yenidən 9 aprel iclasının gündəliyindən çıxarılıb.

“Görünür, səbəb yenə iki qurum – Mərkəzi Bankla Maliyyə Bazarlarına Nəzarət Palatası arasında bu məsələ ilə bağlı heç cür anlaşmanın, razılaşmasının əldə edilə bilməməsi olub”, – deyə MM-dən bildirilib.