“Iki dövlət arasında səfərlərin pasport əsasında həyata keçirilməsi, bir millət iki dövlət prinsipinə ziddir”

Sərdar Cəlaloğlu: “Azərbaycan və Türkiyə arasında qarşılıqlı səfərlərin şəxsiyyət vəsiqəsi əsasında gerçəkləşməsinə ehtiyac var”

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşündə iki dövlət arasında qarşılıqlı səfərlərlə bağlı maraqlı təkliflər səslənib. Belə ki, Türkiyə XİN-nin rəhbəri Mövlud Çavuşoğlu qarşılıqlı səfərlər zamanı pasportdan istifdə zərurətinin ortadan qaldırılmasına toxunub:

“Biz bunu Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”.

Qarşılıqlı səfərlərdə pasportdan istifadənin aradan qaldırılması, səfərlərin sadəcə şəxsiyyət vəsiqəsi ilə gerçəkləşdirilməsi nə dərəcədə məqsədəuyğun olar?

Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu təklifi dəstəklədiyini vurğuladı:

“Azərbaycan Türkiyə ilə fərqli münasibətlər qurmalıdır. Yəni Azərbaycanla Türkiyənin başqa dövlətlərlə eyni müansibətlərə malik olması yanlış olar. Bir halda ki, biz bir millət iki dövlətik, o zaman hər bir dövlətin vətəndaşı da digər dövlətlə münasibətdə bu dövlətin vətəndaşından fərqli ayrı-seçkiliyə məruz qala bilməz. Bu mənada iki dövlət arasında səfərlərin pasport əsasında həyata keçirilməsi, bir millət iki dövlət prinsipinə ziddir. Azərbaycan və Türkiyə arasında qarşılıqlı səfərlərin şəxsiyyət vəsiqəsi əsasında gerçəkləşməsinə ehtiyac var və bu məsələdə Türkiyə XİN rəhbərinin təklifi təqdirəlayiqdir”.

Facebook Comments