Hindistanla Pakistan arasında gərginlik –Liderlər sammitdə görüşmədi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammitində Hindistanın baş naziri Narendra Modi ilə Pakistan hökumətinin başçısı İmran Xan arasında görüş olmayıb.

Sozcu.az xəbər verir ki, hətta hökumət başçıları qeyri-rəsmi şam yeməyi zamanı belə bir-birinə ənənəvi nəzakət görüşü etməyiblər.

Bu ziyafəti qonaqların şərəfinə Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov verib.

Bildirilib ki, son aylar Hindistan və Pakistan arasında gərginlik artıb. Rəsmi Nyu-Dehli və İslamabad Cammu və Kəşmirdə bir-birinin qırıcısını vurduğunu da təsdiqləyib.

Mütəxəssislər hesab edirlər ki, üzv dövlətlər arasındakı münasibətlərin gərginliyi səbəbindən Şanxay Əməkdaşlıq Təşkilatı perspektivsiz qurumdur. Belə bir şəraitdə isə təşkilata yeni üzvlərin qəbulu az ehtimal edilir. Çünki üzv dövlətlər qurumun imkanlarından faydalana bilmir. Bu həm də Şanxay Əməkdaşlıq Təşkilatının cəlbediciliyinə zərbə vurur.

Qeyd edək ki, iyunun 14-də Bişkekdə ŞƏT-in sammiti keçirilib. Zirvə toplantısında Rusiya prezidenti Vladimir Putin də iştirak edib/Report\