“Heykəl məhbusluğunun” tənzimi

İlqar Altay

Neçə gündü Azərbaycan ictimaiyyətinin fikrini, sinir və əsəbini Bayram və Qiyas adlı iki gəncin ətrafında dartışma səs-küyü aparır. O dərəcədə ki, müxalifət ayağa qalxıb, xaric təşkilatlar artıq deyinir, mətbuat, sosial setlərin gündəmindədir, hətta, DİN buna rəsmi izah verir.. Nə baş verir?

Bu hər iki gənc prezidentin əfv qərarı ilə yenicə həbsdən azad edilib. Bayramı yenidən tutub 30 sutka inzibati həbs veriblər. İddiasına görə onu döyüb işgəncə veriblər. Bu tam araşdırılmalıdır. Qiyası da polisə profilaktik söhbətə çağırıblar. O da təbii, vahimələnib aləmi yığıb bununla bağlı.

Burada ictimai diqqət, bizləri təhlilə çəkən sual budur: əfv sərəncamı ilə 50-dən çox siyasi adlı məhbus azad edilibsə niyə ki, hakimiyyət məhz bu iki gənci silkələyir əfvdən sonra? Səbəb, bu gənclərin vaxtilə H. Əliyevin heykəlinə həqarətə bağlı tutulması, azad edildikdənsə dərhal sonra bir qəhrəman obrazında yenidən həmin addımı atmaq fikir və tövrləri, bu hakimiyyət üçünsə, H. Əliyevin müqəddəs qədər çox sayqılı olmasıdır. Necə ki, müxalifət Elçibəyi sayqılı lider bilməklə ona edilən hər hansı həqarətə kəskin pis baxır.

Yaxşı bəs nə olsun, bu uşaqların bu ‘qəhrəman’ hərəkəti öz daxili, ya kənardan “həvəsləndirmə” hissləri ilə təkrar etmə perspektivi, bununla da bağlı, hakimiyyətdə adekvat narahat-aqressivlik hissi qalırsa, bunun, problemin axırı nə olacaq? Ölkə iş-gücünü atıb, qaçdı-tutduyamı yönəlsin? Bu davamlı və başağrılı problem nədəndir bəs?

Problemin kökü, hakimiyyətli-cəmiyyətli, hüquq və qanunu ziddiyyət və mübahisələr həllində əsas vacib saymamağımızda və 2-3-cü dərəcəli hesab etməyimizdədir. Həmin gənclər qanunu kənara qoyaraq müxalif hisslə mərhum dövlət başçısının abidəsinə qarşı həqarət ediblər.. Bu tərəfdən, hüquq-mühafizə orqanları da, qanunu bir kənara qoyub acıq-hikkə hissi ilə bunlara 10 il cəza veriblər. Nəticədə, qanuni-hüquqi proses pozulub, hər şey qarışıb bir-birinə. Orqanlar bu halda qınanıb, siyasi müxalifətin əlinə bir siyasi rəqib, hüquq-müdafiəçi, beynəlxalq təşkilatların əlinə peşə borcu kimi fürsət düşüb. O gənclərin də “heykəl məhbusu” adı ilə qəhrəmanlaşması!

Bəs, bu (bu kimi) problemlərin həlli yolu nədir?Çox sadə, yuxarı kürsüdəkilərin biraz düşünüb, baş sındırıb, zəhmət çəkməsində.. Bunun üçün, Milli Məclis yığılır Azərbaycanın mərhum dövlət rəhbərlərinin abidələrinə (və sair) həqarət etmə əməli və onun ən azı 5 il cəzası barədə Cınayət Məcəlləsinə xüsusi maddə əlavə edirlər. Bizim müstəqil dövlətin mərhum başçıları kimdur? M. Ə. Rəsulzadə, H. Əliyev və Ə. Elçibəy. Maddə bu tarixi şəxsiyyətlərin abidələrini irsini, s. qoruyur.

Bundan sonra o gənclər o hərəkəti etməyəcək, bunu əminliklə deyirəm.. Bunu edən biləcək ki, qanun əsasında avtomatik azı 5 il iş alacaq. Bu bir. Hüquq-mühafizə orqanları başağrısız əlinə qanunu-kitabı götürüb vicdanla 5 il işi kəsəcək. Ikincisi müxalifətin, hüquq-müdafiə, beynəlxalq təşkilatların əlinə fürsət düşməyəcək hər şeyin qanun əsasında aparıldığını və bu gənclərin də açıq cinayət əməli etdiyini görüb və həm də, bu ədalətli cəzanın Rəsulzadə və Elçibəyə həqarət edilməsinə də qarşı yönəldiyini bilib. Vəssalam.

Xüsusilə bu gənclər də həmin hərəkət-həqarəti mərhum Heydər Əliyevin heykəlinə qarşı etdiyi, buna görə həbs edildiyi təqdirdə, daha “heykəl məhbusu” adı ilə qəhrəmanlaşmayacağını bilib bunu etmə həvəsindən düşəcəklər. Və nəticədə qanun və sabitlik yerində olacaq. Biz, bir hüquq dövləti kimi, bütün belə məsələlərin tənziminin hüquqi bazasını yaradıb da, bu əsasda hərəkət etməliyik. Hissllər, impulslarla, nə cür gəldi yox.