Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – VİDEO

“Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm”.

Azərbaycanda koronaviruslu xəstələrə qulluq edən və sonradan özü də virusa yoluxan həkim-anestezioloq Araz Namzatoviç Ağayev Facebook profilində belə yazıb.

“Çox hörmətli dostlar! Özümü qoruya bilmədim. Maləsəf, mən də yoluxdum (Diaqnoz: ikitərəfli ağciyər pnevmoniyası; sol 50% zədələnib). Təngnəfəslik, boğulma, öskürək, qızdırma yorur. Müalicə başlanıb.

Deməli, işlədiyim xəstəxanaya yerləşdim. Yerləşdiyim otaqda tualet var. 50-60 yaşlarında bir xala gəlib həmin tualetə girir (qaldığımız otaqda məndən əlavə iki kişi xəstə var) və tualetin içinə nə gəldi atır. İş o həddə çatıb ki, artıq tualet işləmir. Bu gün irad bildirmişəm ki, ay xala, heç olmasa, eyni məsafədə şöbənin o biri tərəfində tualet var, get ora. Səsini atdı başına. Nə isə ki, mənə “erməni”yə qədər dedi. Dedim, düz deyirsən, mən “erməni” sən azərbaycanlıya üç aydır niyə baxıram ki, yoluxub bura gələm. Nə desən haqlısan…

Əl qərəz. Sağ qalsam, bundan sonra bir nəfər azərbaycanlıya, özünü azərbaycanlı sayana pulsuz xidmət etməyəcəm (şəhid ailələri və qazilərdən başqa).

Son fikrini yarı zarafat – yarı ciddi cümlə ilə bitirən Araz Namzatoviç adlı gənc həkim digər bir statusunda həmkarlarının həyat və iş şəraiti ilə bağlı bunları yazaraq: “Nə qədər ki, bu dövrdə, ən ağır durumda belə, həkimlərin və tibb işçilərinin məvacibi, yaşayış şəraiti yaxşılaşmayacaq, vəziyyət bundan da betər olacaq…”.

Həkimə təbii ki, cansağlığı, tezliklə yoluxduğu bu virusdan xilas olmasını arzu edirik. Təbii ki, onun hisslərini başa düşürük. Bununla belə, bildirməliyik ki, dünyanın hər yerində nadanlar, cahillər var. Ola bilsin, bizim ölkəmizdə sayları bir qədər çoxdur.

Digər tərəfdən, məsuliyyətsizlik və laqeydlik təkcə həkimlərə qarşı deyil, ölkədə bütün sahələrdə var. O ki qaldı səhiyyəyə, gənc həkim bu sənətə gələndə bilməli idi ki, o elə bir ölkədə yaşayır ki, hətta koronavirusdan da əvvəl buralarda insanlar sağlamlığına qarşı laqeyd olub. Burada qadınlar və kişilər xarici görünüşünə, görüntüyə daha çox diqqət və pul ayırır, nəinki sağlamlığına.

Odur ki, nə olur-olsun hisslərə sahib olmaq, aqressiya püskürən sözlərdən uzaq durmaq lazımdır. Unutmaq olmaz ki, koronavirus kin, bədbinlik, ümidsizlik, nifrət, qorxu, aqressiya daşıyan insanların canına daha çox qəsd edir. Qəzəb və peşmançılıq həyat və sağlamlıq üçün təhlükəlidir.

Facebook Comments