Həbsxanada olan milli fəal Səccad Şəhiri iqtisadi cinayət törədənlərlə bir bölməyə salındı

Güney Azərbaycanın Sulduz şəhərindən olam milli-mədəni fəal Səccad Şəhiri həbsxanada aidiyyatı olmayan bölməyə köçürülüb

Bu barədə milli fəal ailəsi ilə telefon əlaqəsi zamanı məlumat verib.

O, həbsxanada iqtisadi cinayətlər törədən və maliyyə məsələləri üzrə məhkum olunan şəxslərin saxlanıldığı bölməyə köçürüldüyünü bildirib.

İranda məhkumların saxlanıldığı bölmələrin onların məhkum olunduqları maddələr üzrə ayrılmaması siyasi və milli-mədəni məhbualara qarşı təzyiq vasitələrindən biridir.

Bir sıra hallarda siyasi və mədəni fəaliyyətlərinə görə həbs olunan məhkumlar ağır cinayətlər törətmiş məhkumlarla eyni bölmələrdə saxlanılır və bununla da onlara qarşı ikiqat təzyiq göstərilıir.

Bu məsələ insan haqları təşkilatları və siyasi məhbusların hüquqlarını müdafiə edən qurumların İran məhkəmə sisteminə qarşı irəli sürdükləri ən qabarıq pozuntulardan biri olaraq qalır.

Milli-mədəni fəal Səccad Şəhiri aprelin 3-də qərarların icrası idarəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz (Nəqədə) şəhərinin həbsxanasına aparılıb.

Bundan öncə Səccad Şəhirinin barəsində “sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı Sulduz Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

Yanvar ayında S.Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə Cinayət Prosessual Məcəlləsinin A bəndinin 445-ci maddəsinə istinadən məhkumun etiraz şikayətinin rədd edildiyi və birinci məhkəmə tərəfindən verilən qərarın qüvvədə saxlanıldığı bildirilmişdi.

Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən Sulduz şəhərində saxlanılaraq istintaq edilmək üçün ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

O, həmin ilin mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Qeyd edək ki, Səccad Şəhiri bundan öncədə dəfələrlə dinc mədəni fəaliyyətinə görə hökumət məmurları tərəfindən saxlanılıb.

Facebook Comments