Həbsdə olan azərbaycanlı fəalın kitabı nəşr edilib

Həbsdə olan güney azərbaycanlı milli fəal Ruzbeh Pirinin farscaya tərcümə elədiyi “Sultan Məhəmməd xan Fateh” kitabı Təbrizdə nəşr edilib.

Nəşr lisenziyası ilə bağlı bir çox problemlə üzləşdiyinə baxmayaraq nəhayət işıq üzü görən əsər “Sorularla Bir Cihan İmparatoru : Fatih Sultan Mehmed Han” kitabının tərcüməsidir. Azər Turan Nəbati nəşriyyatı tərəfindən çap edilən kitabın müəllifləri Türker Akıncı və Ahmet Anapalıdır.

Ruzbeh Piri iyunun 25-də barəsində çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün Təbriz Mərkəzi zindanına gedib. Təbriz sakini olan milli fəal və tərcüməçi “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilib.

Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.

Piri qardaşları 3 ay saxlandıqdan sonra fevralın 5-də mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılmışdı.

Piri qardaşları insan hüquqları, ətraf mühit və heyvan hüquqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə uzun müddətdir ki, təhlükəsizlik orqanlarının ağır təzyiqlərinə məruz qalır.

Facebook Comments