Həbsdə olan azərbaycanlı fəal Behnam Şeyxidə koronavirus simptomları görünüb

İyulun 21-də Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan milli fəal Behnam Şeyxidə koronavirus əlamətləri müşahidə olunub.

Tehranın Evin həbsxanasının 8-ci korpusunda saxlanılan Şeyxi ailəsi ilə əlaqə saxlayaraq bu barədə məlumat verib.

O həmçinin bildirib ki, COVİD-19 testi üçün həbsxananın poliklinikasına müraciət etsə də test çatışmazlığına görə səhiyyə işçilər onu yoxlamaqdan imtina edərək ağrıkəsici dərmanlar veriblər.

Şeyxi əlavə edib ki, 8-ci korpusda saxlanılan bir çox məhbusun koronavirus testi pozitiv çıxıb.

Milli fəal qeyd edib ki, 8-ci korpusun tibb mərkəzində çarpayı çatışmazlığına görə, orada saxlanılan məhbusların bir neçəsi, o cümlədən Əmir Salar Davudi, Cəfər Əzimzadə və İsmayıl Əbdi 4-cü korpusun tibb mərkəzinə yerləşdiriliblər.

Evin təcridxanasının 8-ci korpusunda saxlanılan digər milli fəallar Əlirza Fərşi və Həmid Mənafi Nadarlı da koronavirusa yoluxma təhlükəsi ilə qarşı-qarşıyadırlar.

Son aylarda İranın əksər həbsxanalarında məhbusların saxlanılma şəraiti və koronavirusun yayılması ilə əlaqədar dərc olunan xəbərlərdən sonra, cəmiyyətdə milli-mədəni fəalların səhhəti ilə bağlı ciddi narahatlıq yaranıb.

İran rejimi Azərbaycan əhalisi və beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq həbsdə olan milli fəalların məzuniyyətə çıxmasına imkan vermir.

Facebook Comments