Hakimiyyət nümayəndələri Müsavatın tədbirinə mane olub

Müsavat Partiyasının Kürdəmir təşkilatının ümumi yığıncağı keçirildiyi zaman hakimiyyət toplantıya müdaxilə edib.
Sozcu.az xəbər verir ki, bu barədə Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı məlumat verib:

“Dünən Müsavat Partiyasının Kürdəmir təşkilatının ümumi yığıncağı keçirildiyi zaman hakimiyyət toplantıya müdaxilə etdi.

Toplantıda mən, Təşkilat Departamentinin rəhbəri Zöhrab Məhərrəmli, MNTK üzvü Nuru Xanlarov və Məclis üzvü Afər Şirvanlı iştirak etdirdik. Rayon təşkilatının ofisi olmadığına görə toplantı məcburiyyətdən yerli çayxanaların birində keçirilirdi.

Tədbirin başlamasından bir az sonra qurultaya nümayəndələrin namizədliyi irəli sürüldükdən sonra, çıxışlar başlar, başlamaz yerli hakimiyyət və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları həmin məkana daxil oldular. Onlar bir neçə dəqiqə çıxışları dinlədikdən sonra obyekt sahibi bizə yaxınlaşdı və adekvat olmayan tərzdə bildirdi ki, “buranı boşaltmalısınız”, israrla çayxanadan çıxmağımızı tələb etdi.

Müsavatçılar məcbur olaraq məkanı boşaltdılar. Daha sonra iclası açıq havada davam etdirməli olduq.

Ölkə başçısı səviyyəsində siyasi islahatlara ehtiyac olduğunun bildirməsinə baxmayaraq, dövlət Müsavat Partiyasının yerli təşkilatları üçün ofislər təşkil etməli olduğu halda bizə çayxanalarda belə toplaşmağa imkan verilmir.

Bütün olanlara baxmayaraq, açıq havada da olsa partiya nizamnaməsinə əməl etməklə növbəti qurultaya nümayəndələr seçildi. Açıq havada olsa da, üzvlərimizlə söhbət edib, informasiya mübadiləsi etdik, ölkədə və regionda baş verən vacib hadisələr haqqında fikirlərimizi bölüşdük”.