“Hakimiyətin etimad limiti tükənib” -ƏLİ ƏLİYEV

Türkiyədə “FETÖ” istintaqı çərçivəsində saxlanılan “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində həbs qərarının verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Cəmiyyətin əksər hissəsi Mübariz Mənsimovun müdafiəsinə köklənib. Mübariz Mənsimovun həbsinin Azərbaycandan sifariş verildiyini deyənlərlə yanaşı, iş adamının həbsinin Türkiyə-Azərbaycan münasibətlərinə zərər vuracağını deyənlər də var.

Bu və digər məsələlərlə bağlı Sozcu.az-ın suallarını Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev cavablandırır.

– Əli bəy, Bildiyiniz kimi azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb. Mübariz bəyin uzun zamanlardır ki, SOCAR-la və Azərbaycan hakimiyyətində təmsil olunan bəzi qruplarla ciddi problemlər yaşayırdı. Cəmiyyət tərəfindən iş adamın həbsində Azərbaycan hakimiyyətinin rolunun olması deyilir. Siz necə düşünürsünüz, Mübariz Mənsimovun həbsində Azərbaycan hakimiyyətinin rolu ola bilərmi?

– Əvvəla, onu deyim ki, Mübariz Mənsimovun həbsi ciddi siyasi hadisədir. Çünki bu şəxs Türkiyə vətəndaşı olmasına rəğmən, Azərbaycanla bağlarını qoparmayıb, əksinə Azərbaycanın ictimai-siyasi həyatında iştirakını daim yürüdüb. Azərbaycanlı iş adamına klassik mənada xas olmayan insani keyfiyyətlər nümayiş etdirib. Onun biznes fəaliyyətinin Azərbaycandan sıxışdırılması bir faktdır. Ona görə də, Azərbaycan ictimaiyyəti Mübariz Mənsimov məsələsində həssaslıq nümayiş etdirməlidir.

Davamı olaraq onu deyə bilərəm ki, uzun müddətdir ki, onun Rövnəq Abdullayevlə probelm yaşadığı, SOCAR-a rəsmi şəkildə iddialarının olduğu Türkiyə və Azərbaycan mətbuatında müzakirə olunur. Son günlər Fətullah Gülənin səs yazısında Azərbaycan eyhamlı fikirlərin Mənsimov tərəfindən yayılması mübahisənin şiddətini göstərirdi. Azərbaycan siyasi çevrələrinin Mənsimovun həbsində maraqlı olması, mümkün versiyalardan biridir. Hakimiyyətin susqunluq nümayiş etdirməsi də bu versiyanı gücləndirir.

Bir də, Mənsimovun kapitalının şəffaf olması, onun açıq biznesdə olması bizim oğru oliqarxiyanı narahat etməyə bilməzdi. Azərbaycanda idarəçilik fəlsəfəsinə görə insanlar siyasi azadlıqlardan lap əvvəl, iqtisadi və maliyyə azadlıqlarından məhrum edilməlidirlər, cəmiyyətdə azad insan olmalı deyil, böyük kapitala malik iqtisadi azad birisi heç olmalı deyil. Çünki belə adamı nəzarətdə saxlamaq olmur. Bu qəbildən olan insan xeyirxahlıq edə, başqalarına əl tuta, bununla da nüfuz qazana bilər. Bu baxımdan iqtidar iqtisadi azadlıqları amansızcasına məhv edir, belə insanları isə ya sıradan çıxarır, ya da ölkədən qovur.

Mübariz Mənsimov ölkədən çıxarılmış biznesmendir. Onun sərbəst davranışı, insanlarımıza xeyirxahlığı heç şübhəsiz ki, hakimiyyətin yuxusunu qaçırmışdır. Mənsimovun həbsində hakimiyyətin rolunu təsdiq etməsəm də, inkar etmək üçün də bir ciddi əsasım yoxdur. Əgər iqtidar onun müdafiəsinə qalxmasa, demək ki, ikinci ehtimal daha ciddi təsdiq tapa bilər.

Düzdür, etiraf edirəm ki, hakimiyyətin bütün mənalarda zəifliyindən, belə məsələlərdə susqunluğa üstünlük vermə praktikası da var. Məsələn, son bir həftədə Dərbənddə baş verən hadisələrə,aborigen azərbaycanlıların şəhərin tarixi yerlərindən sıxışdırılması, torpaqların və abidələrin hərraca çıxarılması, iqtidar tərəfindən susqunluqla qarşılanır. Qorxularından boyunlarını o tərəfə heç çevirmirlər də! Amma dünya praktikası bunun əksini göstərir. İstənilən özünə hörmət edən hökümət vətəndaşına, soydaşına, tarixi və mədəniyyətinə olan basqıya dərhal cavab verir, hətta ciddi addımlar atır. Bu sarıdan bizimkilər tam “dişsizdirlər”, heç protezləri də yoxdur. Bunların gücü yalnız xalqa çatır. Xalqa qarşı nə zülm desən, amansızlıq söyləsən canla-başla icra edirlər.

– Fevral ayının 9-da keçirilən parlament seçkisi kütləvi saxtakarlıqla yadda qaldı. Keçmiş deputatların əksəriyyəti yeni parlamentdə təmsil olunur. Bu parlamentin əsasən yenə də ruspərəst qüvvələrdən formalaşması hər kəs tərəfindən qəbul olunur. Maraqlıdır, rüspərəst qüvvəllərdən formalaşan saxta parlamenti ilk təbrik edən Türkiyənin AKP hakimiyyəti oldu. Ərdoğan hakimiyyətinin Azərbaycanda xalqın və demokratiyanın yanında yox, Əliyev hakimiyyətinin arxasında durmsına səbəb nədir? Türkiyə-Azərbaycan qardaşlığının şəxslərin münasibətləri səviyyəsinə düşürlməsi nə dərəcədə doğrudur?

– Seçkilər, təəssüf ki, növbəti dəfə saxtalaşdırıldı. Parlamentdə Rusiya pərəstlərin yer alması, faktdır. Amma mənə görə vurğunu başqa yerə qoymaq lazımdır. Təyinat alanlar Rusiyadan çox hakimiyyət pərəstdirlər. Onlar iqtidarı, konkret Prezidentin marionetkalarıdır. Bəzəzn bizdə yalnış təsəvvür formalaşdırır, səhv istiqamətə yönəldirlər. Hipotetik bir Rusiya fobiyası yaradıb, bütün günahları Kremlin üstünə yıxmağa cəhd göstərilir. Demirəm ki, ruslar hərəkətsizdirlər. Onlar da Azərbaycanın belə durumda qalmasında maraqlıdırlar. Lakin biz niyə onlara tabe oluruq ki? Bir halda ki, başqa dövlət bizə hər şeyi qəbul elətdirir, o zaman bizim iqtidarın adı nədir?

Özünüzü aldatmayın. Parlament, iqtidara sərf edən şəkildə-mağmun formada təşkil edilib ki, əl-ayağa dolaşmasın, istədiklərini sərbəst şəkildə edə bilsinlər. Vəssalam, bu qədər sadə. Detektiv janrlı bu versiyaları, büküb zibil yeşiyinə atın. Dünənə qədər bunu Mehdiyevdən görürdülər, indi bəs kimdən görək? Əgər günahkar Mehdiyevdirsə yenə, o zaman ölkədə digər vəzifə sahibləri kimdirlər? Suallar çoxdur, cavab isə yox.

Türkiyə niyə təbrik etdi? Türkiyə nə etməlidir? Xalqın mübarizəsinidəmi, Türkiyə üzərinə çəkməlidir? Qəribə millətik. Deyirik müxalifət həll etsin, Türkiyə həll etsin, biz yaxşı yaşayaq. Dünyanın heç yerində belə olmur, bizdə də olmayacaq. Xalq mübarizə aparmalıdır. Bu qədər iş apardıqdan sonra biz 5-7%, iqtidar tam gücü ilə 5% adam apara bildi məntəqələrə. Belə apolitik toplumla nə edəsən. Hamıdan umuruq, özümüz heç nə etmək istəmirik. Hamı deyərkən, 5% fəal, passionar təbəqəni nəzərdə tutmuram, passiv çoxluğu, əksəriyyəti deyirəm.

Türkiyə rəhbərliyi öz dövləti maraqlarından çıxış edir. Azərbaycan iqtidarının zəifliyi, asılı olması onlara sərf edir. İstənilən güzəştləri belə hakimiyyətdən almaq olur. Ərdoğan nə etməlidir? İmtinamı etməlidir belə münbit tərəf müqabilindən? Ərdoğan Türkiyənin prezidenti, lideridir, Azərbaycanın deyil.

Məsələnin bir başqa tərəfi də budur ki, Türkiyə bizə görə bu hakimiyyətlə münasibətlərini korlasa, seçkinin nəticələrimi ləğv ediləcək, hakimiyyətmi dəyişəcək? Əksinə, Azərbaycan sığınacaq Rusiyaya, bölgədə yeni Bəşər Əsəd yaranacaq. Məncə, Ərdoğan strateji mənada haqlıdır. Biz millət olaraq, haqlarımız uğrunda mübarizəyə qalxmayana qədər heç kəs bizim günümüzə qalmayacaq, hətta Türkiyəli qardaşlarımız da!

– Son günlıər proporsional seçkilərin bərpa olunacağı haqda söhbətlər gəzir. Bunun üçün referendum keçirilməlidir. Sizcə hakimiyyət proporsional seçkilıəri bərpa edəcəkmi? Bununla bağlı parlamentin yenidən buraxılması mümkündürmü?

– Hər bir şey ola bilər. Proporsional seçkilərin bərpasını,hakimiyyət öz maraqları üçün edə bilər. Əvvəldə onu deyim ki, bu narazı siyasi qüvvələri ipə düzmək üçün PR tezisdir. Hakimiyyət ümid verir ki, özünüzü yaxşı aparın, qarşıda proporsional seçki olacaq, ağıllı olun, müqavimət göstərməyin. Kim özünü “ağıllı” aparırsa, görürsünüz parlamentə buraxıram. Nümunələr də göz qabağında. Razi Nurullayev, Erkin Qədirli, lap elə Tahir Kərimli kimi deputat olmaq vacibdirmi? Məncə yox! Bu hakimiyyətin belələrinə üstünlük verdiyini dünən gördük. Yenidənmi inanaq ki, bunlar dəyişiklik edəcək. Mən şəxsən ümid etsəm də, gözləmirəm. Çünki hakimiyətin etimad limiti tükənib. Bunlar heç nəyi dəyişə bilmirlər, heç açığı istəmirlər də.

Sistemin adı majoritar yox, proporsional, yaxud qarışıq sistem olsun, nə dəyişəcək? Pənahov yerində, seçki şəbəkəsi yerində, iradə və düşüncə göz qabağında. Hakimiyyət gözəl bilir ki, istənilən demokratik yumşalma, onları hakimiyyətdən aparacaq. Ona görə də, heç bir güzəşt etmir.

Mən bədbin deyiləm. İnşallah yeni seçkiləri ölkədə koronovirusla ucuzlaşan neft qiymətləri keçirəcək, bir də müxalifətin təşkilatçılığı.

– Türkiyə Suriyada Rusiya ilə üz-üzə gəlsə də, sonunda münasibətləri bərpa etdilər. Ola bilərmi ki, Rusiya Suriyada Türkiyənin maraqlarına, qarşısında da Türkiyə Qafqazda Rusiyanın maraqlarına güzəşt etsin?

– Rusiya Türkiyə münasibətləri son Suriya əməliyyatlarından sonra, təmamilə yeni fazaya daxil olub. Onlar mehriban düşməndirlər. Sadəcə güclənmək üçün bir yerdədirlər. Türkiyə üçün Suriya strateji istiqamət deyil. Regional güc olmanın yolu Türkiyə üçün, Türk dünyasına sahiblənməkdən keçir. Bu dünyanın açarı isə Azərbaycandır. İnanmıram ki, Türkiyə bu günkü idarədə Azərbaycandan imtina etsin.

Elşən Əlisoy

Sozcu.az

Facebook Comments