“Hakim rejim öz içindən dağılmağa məhkumdur” -Fuad Qəhramanlı

“İqtidarda düşünürlər ki, əgər insanlar tələblərinin nəzərə alındığını görsələr, o zaman kəskin sosial narazılıqların yığıldığı cəmiyyətdə kütləvi etirazlar başlayacaq”.

Sozcu.az xəbər verir ki, bunu AXCP sədrinin müavini Fuad Qəhramanlı sosial şəbəkədə yazdığı statusunda bildirib:

“Nədən hakimiyyət cəmiyyətin tələblərini nəzərə almadığını açıq şəkildə göstərməyə çalışır? Əsas səbəblərdən biri budur ki, iqtidarda düşünürlər ki, əgər insanlar tələblərinin nəzərə alındığını görsələr, o zaman kəskin sosial narazılıqların yığıldığı cəmiyyətdə kütləvi etirazlar başlayacaq. Bu halda hakimiyyət öz yaratdığı problemləri həll etməyə başlasa, bu oturduğu budağı kəsmək olacaq. Məsələn, korrupsiyaya, inhisarçılığa, ədalətsizliyə qarşı mübarizə aparılması dərin islahatlara getməyi tələb edir ki, bu zaman hakim rejim öz içindən dağılmağa məhkumdur.

Bəs hakimiyyət indiki kimi cəmiyyətin tələblərinə qarşı saymazlıq göstərəndə nə baş verəcək? Bu zaman narazı xalq başlayacaq daha çox müxalifəti saymağa, onun tələblərini gündəmə gətirənlərə tərəfdar olmağa. Beləcə hakimiyyət öz saymazlığı ilə müxalifəti gücləndirmiş olur. Bu o zamana qədər davam edəcək ki, cəmiyyətin əksər hissəsi sosial narazılıqların günahkarı saydıqları hakimiyyətin getməsi üçün müxalifətə fəal dəstək verməyə başlayacaq. Özü də bu zaman mitinqlərə razılıq verməmək hakimiyyət üçün heç də çıxış yolu ola bilməz. Çünki yaranmış şəraitdə internet resursları vasitəsi ilə xalqla geniş ünsiyyət quran müxalifət, növbəti mərhələdə siyasi böhran halını yaradacaq sosial bazani toplamaqdadır.

Burdan o nəticə çıxır ki, hakimiyyətin cəmiyyətin sosial tələblərini nəzərə almaması bir siyasi texnologiya kimi heç də doğru variant deyil. Fərq ondadır ki, birinci variantda demokratiyaya keçidi hakimiyyət öz şərtlərini qoyaraq təmin edə biləcəyi halda, ikinci halda özünü ictimai qəzəbin hədəfinə gətirərək təhlükəli riskə atmış olur”.