Həmyerlimiz Marneulinin meri seçildi – Həlledici qələbə

Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.

Sozcu.az ONA-ya istinad edərək xəbər verir ki, hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.

Qarşıdurma Vahid Milli Hərəkat Partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb.

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət Partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.

***

Marneulidə müxalifət nümayəndələrinə seçki məntəqələrində baş verən qanun pozuntularını qeydə almağa imkan vermirlər.

Report xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Tamar Metreveli jurnalistlərə bildirib.

O, Marneuli rayonunda yerləşən 2 saylı seçki məntəqəsindən çıxarılıb.

T.Metrevelinin sözlərinə görə, seçki məntəqəsində çox sayda qanun pozuntuları baş verib:

“Gün ərzində məntəqədə baş verən pozuntuları qeydə almağıma imkan vermədilər”.

***

Gürcüstanda bu gün keçirilən seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik.

Bunu Gürcüstanın müxalifətdən olan Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib.

O deyib ki, Marneulidə səsvermə prosesi zamanı bir neçə müxalifət partiyası təmsilçilsi məntəqələrdən uzaqlaşdırılıb:

“Marneulidəki seçkilərin bərabər şəraitdə keçirildiyini demək olmaz. Seçicilər şantaj olunub və onlara hədə-qorxu gəlinib”.

***

Marneulidə Gürcü Arzusu partiyasının namizədi olan Zaur Darğallı həlledici qələbə qazanıb.

ONA-nın verdiyi xəbərə görə, bunu Gürcüstan Parlamentinin Gürcü Arzusu partiyasından olan üzvü İrakli Sesiaşvili deyib.

Bildirib ki, Marneulidə əhali arasında siyasi indeks yüksək səviyyədədir:

“İlkin məlumata görə, Gürcü Arzusu partiyasının namizədi Zaur Darğallı bugünkü səsvermənin qalibidir. Sabahdan Zaur Darğallını ağır iş yükü gözləyir”.