“Hədəfdə hüquq müdafiəçisi Oqtay Gülalıyevdir” – ƏLİ KƏRİMLİ

Azərbaycanda işgəncə olsunmu, yoxsa yox? Azərbaycanlılar işgəncə ilə öldürülsünmü, yoxsa yox? İşgəncə altında öldürülən vətəndaşlarımızın qanı batsınmı, yoxsa yox? Yəqin ki, əksəriyyətiniz suallarıma təəccübləndiniz ki, bu necə suallardır, əlbəttə, işəgəncə olmasın, işgəncə ilə ölən də, qanı batırılan da olmasın.

Biz Cümhuriyyətimizin 101 illiyini qeyd etməyə hazırlaşan sivil xalqıq, qədim və orta əsr insanının təfəkkürünün məhsulu olan işgəncənin bizim aramızda nə işi var? O zaman mən sualları dəyişirəm. Bu ölkədə işgəncənin olmaması, Qarabağ qazisinin elektrikə qoşulmaması, hərbçilərimizin gələcəkdə saxta olduğu etiraf ediləcək ittihamlarla işgəncə altında öldürülməməsi, polis idarəsinə aparılan gənclərimizin bir neçə saatdan, bir neçə gündən sonra evlərinə meyitlərinin göndərilməməsi üçün şəxsən siz nə edirsiniz? Fərqindəsinizmi ki, ölkədə işgəncə artsa da, işgəncələr haqda açıq danışanların sayı azalıb? Rejim işgəncə verənləri cəzalandırmaq əvəzinə, işgəncə haqda danışanları susdurmağa çalışır.

İndi də hədəfdə hüquq müdafiəçisi, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevdir. Oqtay bəy məhbusların özlərinin və ailələrinin sözlərinə istinad edərək “Tərtər işi” və “Gəncə işində” işgəncələri ictimailəşdirib. Prokurorluğun vəzifəsi idi ki, Oqtay bəyin ictimailəşdirdiyi faktlar əsasında cinayət işi qaldırıb, araşdırma aparsın. Ancaq bunun əvəzinə Baş Prokurorluq Oqtay bəyin özünü hədəf seçib, onu susdurmaq qərarına gəlib, ona rəsmi xəbərdarlıq edib.

Əziz həmvətənlər, rejimin hədəfində olan bir hüquq müdafiəçisini müdafiə etmək, onun susdurulmasına imkan verməmək indi hamımızın vəzifəsidir. Ancaq inanın ki, məsələ təkcə bir hüquq müdafiəçisinin, ictimai-siyasi fəalın taleyindən (bu nə qədər vacib olsa da) də getmir. Məsələ budur: İşgəncənin yox, işgəncə haqda açıq danışanların kökü kəsilsinmi? Susmayaq, 2 gün öncə Şəkidə polis idarəsinə aparılmış 30 yaşlı Məmmədov Qalibin cəmi bir neçə saata cəsədini ailəsinə qaytardılar. Bundan əvvəl Qazaxda, Bakıda, Mingəçevirdə və daha neçə yerdə belə faciələr yaşanıb. Bütün bu qurbanlar siyasətdən kənar, sadə insanlar idi. Eləcə də başqa cinayət işlərində işgəncəyə məruz qalan insanların 90-95 faizi qeyri- siyasi adamlardır. Demək istəyirəm ki, “siyasətə qarışmamaq”, iyrəncliklərə göz yummaq heç kimə işgəncə aparatının növbəti qurbanının məhz o və ya onun doğması olmayacağına tәminat vermir.

Oqtay bəydən əl çəkin, işgəncə verənlər cəzalandırılmalı, bu ölkədə işgəncənin kökü kəsilməlidir!

Hazırda bu, hamımızın tələbi olmalıdır.

Əli Kərmli, AXCP sədri

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb

Sozcu.az