“Hədəfə aldıqlarınızı yox, özünüzü rüsvay edirsiniz” – Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalist jurnalist Sevinc Osmanqızına qarşı aparılan çirkin şantaj kampaniyasını pisləyib.

Sozcu.az Müsavat başqanının münasibətini təqdim edir:

“Hakimiyyət söz və ifadə azadlığına qarşı müharibəni davam etdirir.

Uzun müddətdir ki, Sevinc Osmanqızı hədəfdədir. Onun Azərbaycan həqiqətlərini xalqa çatdırmasının qarşısını almaq üçün hər cür iyrənc vasitələrdən istifadə olunur.
Hakimiyyət yandaşı olan televiziya kanalında xanım jurnalistə qarşı nəinki media qurumunun, hətta az- çox tərbiyəsi olan hər kəsin özünə sığışdırmayacağı ritorikada qarayaxma kampaniyası aparılır.

Bir az dara düşən kimi, hamımız bir xalqın övladıyıq, kişi kimi mübarizə aparaq-deyənlər bir jurnalist xanıma, şəhid övladına, vətənindən ayrı düşmüş bir soydaşımıza müharibə elan edib.

Gah yaxınları ona qarşı qaldırılır, gah səsyazısı yayılır, gah videogörüntülərinin yayılacağı ilə hədələnir.

Dünya aristokratiyasının, elitanın üzvü kimi görünmək üçün dövlət büdcəsi hesabına dəbdə olan idman növlərini maliyyələşdirənlər, əcnəbi mədəniyyət abidələrini bərpa edənlər bilməlidir ki, indi söz və ifadə azadlığına dözümsüzlük, opponentlərin həbsi, şantaj, qarayaxma kimi davranışlar sivil dünya tərəfindən ikrah hissi ilə qarşılanır.
Hədəfə aldıqlarınızı yox, özünüzü rüsvay edirsiniz”.