“Gürcüstandan Azərbaycan ərazilərinə hörmətlə yanaşmağı tələb edirik” -BƏYANAT

Son günlər Azərbaycan- Gürcüstan sərhədində gərginlik yaşanır. Gürcü millətçilərinin Azərbaycana qarşı torpaq iddiasına başlamaları və “Keşikçi dağ” məbədinin ətrafında Azərbaycana qarşı apardıqları təhdid siyasəti Azərbaycan cəmiyyəti tərəfindən də birmənalı qarşılanmayıb. Baş verənlərlə bağlı Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi bəyanat yayıb.

Sozcu.az saytı Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin bəyanatını təqdim edir:

“Azərbaycan son 100 ildən artıq bir müddət müxtəlif ərazi iddiaları ilə üzləşib. Qonşuluğumuzda mövcud olan dövlətlər Azərbaycanlıların hakim olduğu ərazilərə iddialar ilə çıxış ediblər. Müxtəlif vasitələr ilə ərazilərimizi ya işğal ediblər, yada ki, başqa üsullarla məqsədlərinə nail olublar. İrəvan, Zəngəzur, Qarabağ və s. əraziləri belə itirmişik. İndi də Gürcüstan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı aktivləşib. Dövlət səviyyəsində hərəkətə keçiblər. Azərbaycan tərəfinin adekvat reaksiyasını görməyən Gürcüstan dahada qabağa getməyə cəhd edir.

Biz hər zaman  qonşu dövlətlərlə sülh və əminamanlıq içərisində yaşamağa tərəfdar olmuşuq. Qonşu ölkələrin ərazi bütövlüyünə, dövlət suverenliyinə hörmətlə yanaşmışıq. Biz işğala məruz qalmış bir dövlət kimi beynəlxalq hüquq normalarına riayət edirik və digər dövlətlərdən də bunun qarşılığını gözləyirik. Biz əsas dövlət problemimiz olan Qarabağ həll edilməmiş, ikinci bir iddia ilə üzləşməyi Azərbaycana qarşı yeni münaqişə ocağı hesab edirik. Biz heç kəsə torpaq güzəştdə getmək fikrində deyilik, Gürcüstandan Azərbaycan ərazilərinə hörmətlə yanaşmağı tələb edirik. Heç bir dövlət bizim əraziləri özününki olduğunu iddia etməsin, bu iddia olmaqdan başqa mahiyyət kəsb etməyəcək.

Biz Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi olaraq Azərbaycanın ərazi bütövlüyünün keşiyindəyik və istənilən hərəkətə qarşı adekvat hərəkət edəcəyik.