Gürcüstana gedən 2 turistin məsrəfi Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir

Qubad İbadoğlu, iqtisadçı alim

Orta hesabla Azərbaycanda hər turist 798 dollar, Gürcüstanda isə 447 dollarlıq büdcəni məsrəf edir.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Azərbaycana gələn 3 milyon 170 min nəfər əcnəbi turist kimi qeydiyyata düşüb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,53 milyard dollar) təşkil edib ki, bu da hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir. Bu məbləğ qonşu Gürcüstanla müqayisədə 2 dəfədən də çoxdur.

Belə ki, 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəlib ki, onların da cəmi xərcləri 3,22 milyard dollar təşkil edib. Bu o deməkdir ki, Grürcüstanda 1 turistin məsrəfi orta hesabla 447 dollar təşkil edib. İki ölkə arasında müqayisədən belə çıxır ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycanı seçmirlər və elə oradan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını belə cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı 2 dəfə arta bilər. Amma əksinə proseslər gedir, belə ki, Azərbaycanda xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur.

Odur ki, hökümətə təklif edirəm ki, Gürcüstanı ziyarət edən turistlərin heç olmazsa yarısının Azərbaycana cəlb edilməsi barədə düşünsünlər. Bunun üçün isə ilk növədə xüsusilə də xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı və keyfiyyət də yüksəldilməlidir.

Facebook Comments