Gürcüstan təbii fəlakətlə üzləşdi

Güclü leysan yağışları Gürcüstanda yenidən ciddi fəsadlar törədib.

Sozcu.az xəbər verir ki, bu dəfə ən çox ziyan Qori bölgəsinə dəyib.

Leysan yağışları nəticəsində şəhərin bir neçə məhəlləsində evlərin birinci mərtəbələri, zirzəmi və ictimai-iaşə obyektlərinə su dolub.

Şəhərin tabeliyində olan Kelktseuli, Kvemo Xviti və Zemo Nikozi kəndləri isə su altında qalıb.

Bu kəndlərdə də evlərin birinci mərtəbəsinə və zirzəmisinə su dolub. 50-dən çox ailəyə külli miqdarda maddi ziyan dəyib.

Gürcüstanın Fövqəladə Hallar İdarəsinin 10 işçi qrupu evlərə dolmuş suyun qurudulması məqsədilə əraziyə cəlb edilib.

İmereti regionunun Xaraquli bələdiyyəsinin ərazisinə də ciddi ziyan dəyib. Çxerimela çayının məcrasından çıxması nəticəsində beş yüz nəfərdən çox sakinin yaşadığı Zvare kəndi ətraf mühitdən tam təcrid olunub.

Moliti, Aniuli və Didvake kəndlərinə gedən yollar və körpülər də dağılıb.

Məlumat üçün qeyd edək ki, bu gün Tiflis əhalisi 2015-ci il 13 iyun faciəsi qurbanlarının xatirəsini yad edir.

Dörd il bundan əvvəl iyunun 13-də gecə yağan güclü yağış nəticəsində paytaxt Tiflisin mərkəzindən keçə Vera çayı daşmış, bəndin uçması nəticəsində yaranmış sel suları 21 nəfərin həyatına son qoyub. Bu günə qədər hələ də iki nəfər itkin düşmüş hesab olunur. Tbilisidəki zooparkda xeyli heyvan tələf olmuş, evlər, yollar dağılmış, infrastruktura ciddi ziyan dəymişdi.