Gürcü müxalifətinin ən böyük arzusu:O, RUSİYAYÖNLÜ İQTİDARI OKTYABR İNQİLABI İLƏ HƏDƏLƏYİR – TƏHLİL

Georgi Dvali

“Kommersant”

Gürcüstanda praktiki olaraq bütün müxalif qüvvələr – ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin başçılıq etdiyi Vahid Milli Hərəkatın (VMH) rəhbərliyi ilə 30 partiya Bazar ertəsi günü yaradılan ortaq qərargaha daxil olub. Müxalifət liderləri açıq şəkildə bəyan edirlər ki, milyarder Bidzina İvanişvilinin hakim “Gürcü Arzusu” Partiyası (GAP) 31 oktyabrda keçiriləcək parlament seçkilərinin nəticələrini saxtalaşdırmaq qərarına gəlsə, “səsləri qorumaq üçün qərargah” asanlıqla “inqilab qərargahına” çevriləcək.

Parlamentin sabiq spikeri, Avropa Gürcüstanı Partiyasının sədri David Bakradze müxalifət partiyaları liderlərinin “Səsləri qorumaq üçün Birgə Fəaliyyət Memorandumu”nu imzaladığını bəyan edib. Onun sözlərinə görə, birgə qərargahın tərkibinə daxil olan ölkənin bütün mühüm siyasi partiyaları hakimiyyətin mümkün həlledici parlament seçkilərinin nəticələrini saxtalaşdırmaq cəhdlərinə birgə müqavimət göstərmək əzmindədir.

Bu məqsədlə müxalifət təkcə seçicilərin məlumat bazasını deyil, həm də seçkilər zamanı və sonrakı fəaliyyətlərin koordinasiya edilməsi üçün ortaq qərargah yaradır.

David Bakradze ultimatum tonunda bütün müxalifətçilər adından vurğulayıb: fərqli fikirləri olan partiyalar fərqləri unudacaq və əsas vəzifəyə – “milyarder Bidzina İvanişvilinin hakimiyyətini dəyişdirmək” və ölkədə “Avropa tipli ilk demokratik koalisiya hökumətini” yaratmaq üzərində cəmləşəcək.

Müxalifət seçkilərə maksimum sayda beynəlxalq müşahidəçinin dəvət edilməsini və səslərin yenidən sayılmasının mümkünlüyü ilə bağlı Seçki Məcəlləsinə düzəlişin qəbul edilməsini tələb edir.

Ancaq Vahid Gürcüstan Partiyasının rəhbəri, keçmiş parlament sədri Nino Burcanadze “Kommersant”a verdiyi müsahibədə bildirib ki, hakim “Gürcü Arzusu” seçkilərin bütövlüyünü təmin etməyə yönəlmiş bütün digər təkliflər kimi, bu təşəbbüsü rədd etmək niyyətindədir.

“Kommersant”ın 31 oktyabr seçkilərinin nəticələrini saxtalaşdırmaq üçün hakimiyyətin iddia edilən cəhdi olduqda, “səslərin müdafiəsi mərkəzi”nin “inqilabi qərargah”a çevrilib-çevruilməyəcəyinə dair suala xanım Burcanadze belə cavab verib: “Biz hakim partiyaya məsələni belə vəziyyətə gətirməyi məsləhət görmürük, çünki belə bir inkişaf ölkəyə fayda verməz”.

Qərargahın yaradılmasının əsas təşəbbüskarı 2003-cü ilin noyabrında “qızılgül inqilabı”nın təşkili təcrübəsi olan və parlament seçkilərinin nəticələrini saxtalaşdırılacağını iddia edən Mixail Saakaşvilinin Vahid Milli Hərəkatıdır. Eyni zamanda, Mixail Saakaşvilinin partiya yoldaşları müxalifət partiyaların “Rusiya oliqarxı İvanişvilinin partiyası ilə hökumət koalisiyasına girməmək” öhdəliyi ilə daha bir bəyannamənin imzalanması təşəbbüsünü irəli sürüblər.

Beləliklə, GAP, digər partiyalarla müqayisədə, seçkilər zamanı daha çox səs qazansa, ancaq 150 yerlik parlamentdə 76 mandat (sadə çoxluq) almasa, heç bir müxalifət partiyası hakim partiyayahətta kabinə formalaşdırmaq səlahiyyətlərini verməz. Hökümətin formalaşmasına son qoyulması isə yaxın vaxtlarda erkən seçkilərin təyin olunması demək olacaq.

Konstitusiya qanunu üzrə ekspert Vaxtanq Xmaladzenin “Kommersant”a izah etdiyi kimi, böhranın qarşısını almaq üçün “Gürcü Arzusu” seçki zamanı partiyalar siyahısında ən az 41% səs toplamalı və 30 birmandatlı dairələrin əksəriyyətində qalib gəlməlidir. Bu, “Kommersant”ın həmsöhbətinə görə, “indiki şəraitdə mümkün deyil”.

GAP ilə ittifaqın mümkünsüzlüyünə dair bəyannamənin imzalanması sentyabr ayına planlaşdırılır.

Vahid müxalifətdəki “Kommersant”ın həmsöhbətləri hakimiyyət dəyişikliyi uğrunda mübarizənin üçüncü mərhələsinin çoxpartiyalı “nazirlərin kölgə kabinəsi”nin yaradılması ola biləcəyini açıq şəkildə bildiriblər.

Düzdür, müxalifətətçilər arasında bu məsələ ilə bağlı hələ çox fikir ayrılığı var. David Bakradze bir müddət əvvəl gələcək koalisiyada Mixail Saakaşviliyə yer görmədiyini açıqlayıb. Ukraynada Milli İslahatlar Şurasının icraiyyə komitəsinə rəhbərlik edən Gürcüstanın sabiq prezidenti müxalifətçi həmkarlarına çox emosional cavab verərək deyib ki, gələcək Gürcüstan hökumətinə kimin girib-girməməsi məsələsi 31 oktyabr səsverməsi zamanı ayrı-ayrı siyasətçilər tərəfindən deyil, seçicilər tərəfindən həll ediləcək. “Lənətə gəlmiş demokratiyanın qaydası belədir”, – deyə keçmiş dövlət başçısı xatırladıb.

Səsləri qorumaq üçün qüvvələrin birləşməsinə baxmayaraq, müxalifət partiyaları seçkilərdə ayrı-ayrılıqda iştirak edir və rəqib olaraq qalırlar. “Vahid seçki siyahısı” barədə razılaşmaq mümkün olmayıb.

Eyni zamanda, “Kommersant”ın məlumatına görə, VMH-də Mixail Saakaşvilinin baş nazir vəzifəsinə namizəd elan edilməsi və ya edilməməsi mövzusunda gərgin müzakirə var.

Bir tərəfdən, bu, VMH tərəfdarlarını səfərbər etməyə kömək edəcək. Lakin digər tərəfdən, Saakaşvilinin özünü qeyri-müəyyən bir vəziyyətə salacaq: Gürcüstanın sabiq prezidenti əvvəllər Odessa meri seçkisində iştirak edə biləcəyini açıq şəkildə bildirib.

Müxalifətin fəaliyyətini müşahidə edən hakim partiya liderləri sakitlik nümayiş etdirirlər. Parlamentin spikeri Arçil Talakvadze jurnalistlərə deyib ki, qarşıdakı seçkilər “tamamilə dürüst və şəffaf olacaq” və “dağıdıcı qüvvələr” heç bir bəhanə ilə ölkədəki vəziyyəti gərginləşdirə bilməyəcəklər.

Tərcümə: Strateq.az

Facebook Comments