Güneyin qurtuluş yolu: “İrançılığa qarşı əsas ideoloji silahımız türkçülükdür”

​​​​​​​Bu gün Türkçülük Günüdür. 1944-cü ildə Türkiyədə nüfuzlu 23 siyasətçinin Türkçülük-Turançılıq iddiaları ilə günahlandırılması və həbs edilməsindən sonra başlayan bu hərəkat sonradan bütün türk dünyasında Türkçülük günü kimi qeyd edilməyə başlayıb.

İlk dəfə isə Türkçülük günü 1945-ci ilin 3 may tarixində Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla 10 nəfərin iştirakı ilə cəzaçəkmə müəssisəsində qeyd edilib.

Türkçülük ötən əsrin 80-ci illərinin sonralarından Quzey Azərbaycanda, 90-cı illərin ortalarından isə Güney Azərbaycanda milli nübarizənin əsas ideya-siyasi xəttinə çevrilib. Lakin bir sıra ekspertlər hesab edr ki, müstəqil olduqdan sonra Azərbaycan Respublikasında türkçülük aparıcı xətt olmamalıdır. Bu nə dərəcədə düzgün fikirdir?
“Rəsulzadənin türkçülük xətti qalib gəldi”

AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında deyib ki, türkçülüklə Azərbaycanı bir-birindən ayrı təsəvvür etmək mümkün deyil: “Doğrudur, anti-türk, anti-Azərbaycan qüvvələr son əsrlərdə Türkçülüyümüzü Azərbaycançılıqdan, Azərbaycanlığımızı isə Türkçülüyümüzdən ayırmaq, hətta bir birinə qarşı qoymaq üçün əllərindən gələni ediblər.

Faiq Qəzənfər oğlu Ələkbərli: Türk dünyasının ən ciddi məsələsi ortaq dil problemidir – Sozcu.az

Etiraf etmək lazımdır ki, bu məsələdə onlar bəlli bir işlərə də nail olublar. Yəni zaman zaman anti-türk qüvvələr türkçülüklə Azərbaycanlıq arasında ziddiyyətlər yarada biliblər. Biz, bunu çarlıq Rusiyası, Sovet Rusiyası, İran Pəhləviləri dövründə görürük.

Ancaq bütün bunlara baxmayaraq, XX əsrin əvvəllərində çar Rusiyasının əsarətindən xilas olmaq Quzey Azərbaycan türklərinin əsas ideyası türkçülük idi. Həmin dövrdə də, bəziləri deyirdilər ki, Azərbaycanın xilası türkçülük də deyil, sosial demokratiya, liberalizm, islamçılıq və digər bir ideyadadır. Ancaq başda Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olmaqla türkçülük yolunu tutanlar qalib gəldilər”.

“Türkçülük olmadan Azərbaycançılıq yoxdur”

Filosof alim deyib ki, Azərbaycan müstəqilliyini bərpa edərkən də əsas ideya türkçülük olub. Ancaq həmin dövrdə də türkçülüyü artıq lazımsız hesab edənlər, hətta ondan köhnəlmiş bir ideya kimi danışanlar tapılıb: “Çox maraqlıdır ki, türkçülüyü tarixin arxivinə atmaq istəyənlərdən, onu tənqid edənlərdən bəzi tanınmış şəxsiyyətlər son illərdə yenidən türkçülükdən bəhs etməyə başlayıblar.

Deməli, onların hamısı olmasa da, ancaq bir qismi anlayıblar ki, türkçülük olmadan Azərbaycan, Azərbaycançılıq olmadan türkçülük yoxdur. Çünki türkçülük və Azərbaycan bir bütündür, bir birinin yaşam səbəbi və gələcəyidir”.

“Türkçülük Güneyin əsas silahıdır”

Faiq Ələkbərli hesab edir ki, türkçülük hazırda qurtuluş mübarizəsi aparan Güney Azərbaycan türkləri üçün əsas ideoloji silahdır: “Quzey Azərbaycan üçün türkçülük nədirsə, Güney Azərbaycan türkləri üçün də odur. Başqa sözlə, Quzey Azərbaycanı yenidən istiqlala qovuşduran türkçülük, Güney Azərbaycanın milli dövlətini bərpa etməyə səbəb olacaq. Burada istiqlal və milli dövlətçiliyin bərpasını doğru anlamaq lazımdır.

Əgər Quzey Azərbaycan çarlıq Rusiyası və Sovet Rusiyasının işğalından qurulub milli istiqlal əldə etdiyi halda, Güney Azərbaycan türkləri, o cümlədən bu bölgədəki digər Türk xalqları vaxtilə farslar tərəfindən qəsb olunmuş dövlətçiliyini geri qaytarmalıdır.

Bu yolda da əsas ideyamız Türkçülükdür. Çünki Türkçülük yalnız Güney Azərbaycan türklərini deyil, bütün Türk xalqlarını birləşdirən və hədəfimizə doğru aparan məfkurədir. Sözün açığı, Türkçülük yalnız Güney Azərbaycan türklərini deyil, Türkmənsəhra, Xorasan, Qaşqay, İsfahan türklərini də əsas hədəfə yönəldə biləcək gücdədir”.

“İrançılığa, rusçuluğa qarşı əsas ideoloji silahımız türkçülükdür”

F.Ələkbərli hesab edir ki, bu gün Azərbaycan xalqına yad ideoloji türkçülük əsas ideoloji silah olmalıdır: “Dünən olduğu kimi, bu gün də yad, anti-türk ideyalara, o cümlədən irançılığa, rusçuluğa qarşı əsas ideoloji silahımız türkçülükdür. Çünki bir xalqın varlığı onun milli varlığı, o cümlədən dil və mədəniyyət varlığı ilə bağlıdır”.

Facebook Comments