Güneydəki zəlzələ ölkəmizdə hansı fəsadlar törədib? – Açıqlama

Ötən gün İranda baş verən zəlzələ Azərbaycanın Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarında hiss olunub.

Məsələ ilə bağlı Axar.az-a danışan Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Nadir Abıyev zəlzələnin dağıntı və tələfata yol açmadığını bildirib.

Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev də rayonda zəlzələnin heç bir dağıntı və ya tələfata səbəb olmadığını deyib.

Astara Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Səfail Məmmədovun sözlərinə görə, hələlik vətəndaşlardan tələfat və ya dağıntı ilə bağlı hər hansı bir müraciət daxil olmayıb.

Yardımlı RİH Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Şənlik Bağırov da hələlik quruma heç bir müraciət daxil olmadığını və rayon ərazisində zəlzələnin ciddi hiss olunmadığını söyləyib.

Lənkəran Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Asif Əliyev də zəlzələ nəticəsində rayon ərazisində hər hansı bir dağıntı olmadığını bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva saytımıza açıqlamasında rayonlarımızda baş verən zəlzələ nəticəsində tələfat və ya dağıntı olması barədə nazirliyə hər hansı müraciət daxil olmadığını deyib.