Güney azərbaycanlı öyrənci Melika Qaragözlü inzibati komitəyə çağırılıb

Tehranın Əllamə Təbatəbayi Universitetində jurnalistika ixtisası üzrə təhsil alan azərbaycanlı öyrənci Melika Qaragözlü bu gün universitetin inzibati komitəsinə çağırılıb.

Melika Qaragözlü mayın 30-da sosial şəbəkələrdə yaydığı məlumatda bildirib ki, o, universitetin inzibati komitəsi tərəfindən tələbələrin qanunsuz toplantısına qatılmaqda və hicaba riayət etməməkdə günahlandırılıb: “Mənə zəng vurub dedilər ki, Əllamə Təbatəbayi Universiteti öyrəncilərinin qanunsuz toplantısına qatıldığıma və hicab qaydalarına riayət etmədiyimə görə inzibati komitəyə gedib ifadə verməliyəm.

Mən isə öyrəncilərin toplantısında iştirak etmədiyimi bildirsəm də, dedilər ki, öyrəncilərin əvvəlki toplantılarına qatıldığın üçün inzibati komitəyə gəlib ifadə verməlisən” -deyə, Melika Qaragözlü sosial şəbəkələrdə yaydığı yazısında bildirib.

Bildirilir ki, Melika həqiqətən də öyrəncilərin bir neçə gün əvvəl keçirdiyi toplantısına qatılmayıb və onun öyrəncilərin keçirdiyi yığıncaqlara qatılmasını sübuta yetirən hər hansı bir dəlil-sübut yoxdur.

Qeyd edək ki, Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də 600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

O sərbəst buraxılanadək “Sepah”ın kəşfiyyat bölümünün Evin zindanındakı korpusunda saxlanmış, çoxlu təhdid və təzyiqlərə məruz qalmışdı.

Sozcu.az

Facebook Comments