Güney azərbaycanlı fəallar Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefon əlaqəsi saxlaya bilib

Güney azərbaycanlı milli-mədəni fəallara Təbriz Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefonla danışmağa icazə verilib.

Məlumata görə, Babək Hüseyni Müqəddəm, Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi, Əkbər Mühaciri, Şahin Bərzgər və Məhəmməd Mahmudi fevralın 13-də Təbriz zindanından ailələrinə zəng edərək söhbət ediblər.

Fəallar İranda bahalığa qarşı keçirilən kütləvi etirazlar zamanı 2019-cu il noyabrın 17-də ev və ya iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Onlar Təbriz Ettelaat İdarəsinin təcridxanasında təxminən 3 ay saxlandıqdan sonra ötən günlərdə bu şəhərin mərkəzi zindanına köçürülüb. Azərbaycanlı fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Təbriz Məhkəməsinin 16-cı şöbəsinin hakimi (bazpors) cənab Musəvi adı çəkilən fəalların dosyesi ilə məşğul olur. O bundan əvvəl bildirmişdir ki, fəalların saxlanması qarşıdan gələn parlament seçkilərindən sonra da davam edə bilər.

Musəvi İranın Ettelaat Nazirliyinin əlaltılarındandır. O fəallar saxlandığı müddətdə onların ailəsinə münasibətdə təhqiramiz hərəkətlərə yol verib. Hətta fəallardan birinin ailə üzvlərinin ilə danışığında “onları gözləməyin, hamısı edam olunacaq” deyə gözlənilməz ifadə də işlətmişdir.

Sozcu.az

Facebook Comments