Güney Azərbaycanın Ənquran mədəni 98 il talandıqdan sonra turizm mərkəzi olur

İran məsulları Azərbaycan ictimaiyyətini aldatmaq məqsədilə Zəncan əyalətində yerləşən Ənquran qurğuşun və sink mədənində turizm kompleksi yaradılacağını açıqlayıb.

İllər boyu xammal istehsal olunan mədənin ərazisi artıq yararsız vəziyyətdədir və zəhərli metallarla çirklənib.

Zəncan Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs İdarəsinin rəisi Əmir Ərcümənd yaxın günlərdə Ənquranda ölkənin ilk mədən turizm kompleksinin fəaliyyətə başlayacağını açıqlayıb.

O əlavə edib ki, bu mədən turizm sahəsini də fəaliyyət planlarına daxil edən ölkənin nadir aktiv mədənlərindəndir.

Mineral maddələrin istehsalı, eləcə də üstüaçıq və yeraltı mədənlərin fəaliyyəti prosesinin müşahidə edilməsinin turistlər üçün xüsusi maraq yaratdığını deyən Ərcümənd mədən kompleksində turistlərin qalması üçün xüsusi şəraitin yaradılmasını açıqlayıb.

Ənquran mədəni Zəncanın 130 kilometrliyində, Manişan (Mahnişan) şəhərinin Dəndi kəndində yerləşir. Bu mədən yaxın şərqin ən böyük qurğuşun və sink mədənidir, orada 98 ildir xammal çıxarılır. Lakin bu mədən də Azərbaycanın digər yeraltı sərvətləri kimi bölgəyə heç nə nəsib etmir. Bölgədə işsizlər ordusu günü-gündən böyüdüyü halda mədən fars bölgələrindən olan şirkətlərə ötürülüb, işçilərin əksəriyyəti də digər bölgələrdən gətirilib.

Yerli əhali dəfələrlə bölgə mədənlərinin talanmasına etiraz edib, xammal daşıyan yük maşınlarının yolunu bağlayaraq hərəkətinə mane olsa da məsullar bu etirazlara məhəl qoymayıb.

Sozcu.az

Facebook Comments