Güney Azərbaycanda yollar can almağa davam edir

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində son 48 saatda baş verən avtomobil qəzalarında altı nəfər dünyasını dəyişib.

Bu barədə, Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya mediaya açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, son iki gündə əyalətdə baş verən yol nəqliyyat hadisələrində müxtəlif dərəcəli bədən xəsarətləri alan 54 nəfər xəstəxanalara yerləşdirilib.

Ən son hadisə dünən axşam saatlarında Heris üçyolunda baş verib. hadisədə pikap tipli avtomobil ilə “Prayd” markalı minik maşını toqquşub.

“Qəza nəticəsində 50 yaşlı bir kişi yerindəcə həlak olub, hər iki avtomobilin 3 sərnişini yaralanıb. Yaralılar Hərisin “İmam Rza” xəstəxanasına çatdırılıb” -deyə, Vəhid Şadiniya əlavə edib.

Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdin verdiyi məlumata görə, ötən il (İranda yeni il Novruz bayramında başlayır) əyalətdə baş verən yol qəzalarında 882 nəfər həyatını itirib.

Sozcu.az

Facebook Comments