Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində hazırda 674 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın Koronavirusa Qarşı Mübarizə Qərargahının açıqlamasına əsasən, xəstəxanada müalicə alanlardan 289 nəfərinin COVID-19 testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 156 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 48 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” – deyə açıqlamada bildirilib.

Qərbi Azərbaycanda koronavirus qurbanlarının ümumi sayı isə 989 nəfərə çatıb.

Zəncan əyalətində də Tibb Universitetinin rektoru Pərviz Qızılbaşın verdiyi məlumata əsasən, bu günə kimi 11 min 186 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alıb.

Qızılbaşın sözlərinə görə, Zəncanda son 24 saatda daha 22 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 nəfər isə bu xəstəlikdən dünyasını deyişib. Beləcə də əyalətdə koronavirusdan ölənlərin ümumi sayı 491 nəfərə çatıb.

Qızılbaş həmçinin qeyd edib ki, hazırda 372 nəfər koronavirus şübhəsi ilə əyalətin xəstəxanalarında müalicə alır.

Güney Azərbaycanın Ərdəbil əyalətində son bir sutka ərzində 35 yeni koronavirusa yoluxma halı aşkarlanıb, daha 4 nəfər xəstəlikdən vəfat edib. Beləliklə Ərdəbildə koronavirus qurbanlarının ümumi sayı 639 nəfərə çatıb.

Bu barədə məlumat verən Ərdəbil Tibb Universiteti rektoru Şəhram Həbibzadə deyib ki, Ərdəbil əyalətinin xəstəxanalarında 246 nəfər müalicəsini davam etdirir. Onlardan 54 nəfərinin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzvin Tibb Universitetinin rektoru Peyman Namdarın verdiyi məlumata əsasən, bu əyalətdə də COVID-19 virusuna yoluxan 319 nəfər müalicəsini davam etdirir.

Qəzvində son bir gündə daha 48 nəfərdə koronavirus infeksiyası aşkar edilib, 3 nəfər isə bu xəstəlikdən dünyasını dəyişib.

Facebook Comments