Günahkar Elçibəy…

Elşən Əlisoy

AXC hakimiyyətinə qarşı baş verən 4 iyun qiyamının müzakirələri bu illik bitdi. Gələn il bu vaxtı yenidən müzakirələr açılacaq və yenə də tək bir günahkar çıxacaq-ƏBÜLFƏZ ELÇİBƏY… Hər şeyin günahı Bəydə imiş .
Prezident seçkilərinin keçirilməsini istəməyən, “3 aydan sonra seçdiyiniz prezidenti 1 ildən sonra yıxacaqsınız” deyib, Prezident seçkilərindən əvvəl dövlətin stukturlarının formlaşmasını istəyən Əbülfəz Elçibəymiş bütün günahların sahibi. Rusiyanın, İranın, Türkiyənin, hələ hakimiyyətin ilk günlərində Fətullah Gülənin belə dəstək verdiyi Heydər Əliyevin, Sürət Hüseynovun, etdiyi günahların bədəlini bütün nəsli ilə ödəyən Rövşən Cavadovun heç bir günahı yox imiş.
Ordunu başsız qoyub qaçan Müdafiə Nazirinin, dar gündə istefa verən Daxili İşlər Nazirinin, yaxasını cırıb vay-şüvənlik salan Ali Məhkəmə sədrinin, “Heydər baba” deyib qişqıran kütlənin, 100 mindən çox KQB agenturasının, sadəcə küyə düşüb qəhramana çevrilən, ancaq dövlət məsuliyyətinin nə olduğunu bilməyən xalqın, “Allah ömrümdən kəsib Heydər Əliyevin ömrünə calasın” deyib yaltaqlanan, “Kişi gəldi cəbhəçilərin axırına çıxacaq” deyib çırtma vuranların heç bir günahı yox imiş.
Əbülfəz Elçibəyi günahkar elan edib, az qala onun adını lağ obyektinə çevirənlərin əksəriyyəti çox təəssüf ki, AXCP və Müsavat Partiyalarının üzvləri olurlar. O, adamlar anlamırlar ki, bu gün onların lider hesab etdiklərinin əksəriyyəti zamanında səlahiyyətli,ancaq komanda məsuliyyəti anlayışı olmayan şəxslər olublar.
O zaman baş verənlər bu işlərin içində olanların çox yaxşı yadındadır və bunu artıq heç kim inkar edə bilməz. Hətta, hakimiyyət zamanında Əbülfəz Elçibəyə qarşı, başında, Əbülfəz bəyin özünün irəli çəkdiyi, gənc yaşında yüksək vəzifə verdiyi Əli Kərimlinin birbaşa rəhbərlik etdiyi “Yurd” adlı qruplaşma var idi. “Yurd” qrupu ilə İsa Qəmbərin başında dayandığı “Müsavat” üzvlərinin hakimiyyətin içində vəzifə bölgüsü uğurunda savaşları hakimiyyətə ən böyük zərbəni vururdu. O zaman nə Əli Kərimlinin rəhbərlik etdiyi gizli “Yurd” quruplaşması, nə də İsa Qəmbərin rəhbəri olduğu Müsavat Partiyası “Bəyin komandası” ola bilmədilər. Bu gün onlar “İmam övladı”, Əbülfəz bəy isə günahkar imiş…
Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu var imiş. Elçibəyi devirmək istəyən tək bir hərbi hissənin isə 40 -dan çox tankı olub. Yenə günahkar Əbülfəz Elçibəydir.
Əbülfəz Elçibəydən xəbərsiz Heydər Əliyevə zəng edib, onu Bakıya çağıranların heç bir günahı yox imiş qardaş, günah yenə Əbülfəz bəydə imiş…
Silahlı qiyama siyasi dəstək verən o zamankı müxalifətdə də günah yox imiş, onlar xilaskar, Elçibəy günahkar imiş.. .
Bəli, Əbülfəz bəy hər kəsin günahını öz üzərinə götürə bilər, götürdü də. Əbülfəz bəy sizləri qoruduğu qədər heç öz canını qorumadı. Bu qədər həyasızlıq olmaz…!
Azərbaycan xalqı liderini ya dar ağacında görmək istəyir, ya həbsxanada. Bu xalq hələ də dövlət nədir anlamır. Bu xalq övladını dövlətə xidmət üçün yox, vəzifədə oturub yaxşı pul qazanması üçün oxudub irəli çəkir. 400 -500 manatlıq maaşı olan işə 50 min rüşvət verən xalq nə bilir ki, dövlət nədir…
Torpaqlarında savaş olan zaman qaçıb ot tayasının altında gizlənənlər nə biləydilər vətən nədir…
Rayonlarını başsız qoyub Elçibəyin qanadı altına sığınan icra başçıları hardan bilsinlər ki, dövlət nədir…
Bir əsgər ki, bir ordu ki, səngəri boşaldaraq postu düşmənə verib, Bakıya hakimiyyət dəyişməyə gələ, burda Elçibəyin nə günahı var?
Maraqlı bilirsiniz nədir? Mühüm bir siyasi proses başlayanda bunlar yenə də sədrlərinin adının qarşısına “Əbülfəz Elçibəyin ən layiqli silahdaşı” yazaraq, cəmiyyətdən Elçibəyin adı ilə dəstək istəyəcəklər.
Ruhun şad olsun,BƏY!