Gözdən əlil Göyçay sakini : “Beş-altı dəfə şikayət etmişəm, amma maraqlanan yoxdur”

Göyçay sakini evinin təhlükəli vəziyyətdə olduğunu deyir

Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü birinci qrup gözdən əlil Füzuli Məmmədov şikayətçidir.

Dediyinə görə, artıq bir neçə ildir, davamlı olaraq, rayon icra hakimiyyətinə, o cümlədən, Prezidentə və Birinci vitse-prezidentə məktub ünvanlayır ki, hazırda qəzalı vəziyyətdə olan evinə əncam çəkilsin. Söyləyir ki, icra hakimiyyəti nümayəndələri evinə dəfələrlə baxış keçirsələr də, mənzil problemini həll etməyiblər:

“İcra hakimiyyətində yalandan vədlər verirlər. İş o həddə çatıb ki, kredit götürüb, ev tikmək qərarına gəldik. Çünki icraya ümid yoxdur. Lakin əlil olduğum üçün pul vermədilər. Dedilər ki, sabah-birigün pulu ödəyə bilməsəniz, məhkəməyə müraciət etsək, işi sizin xeyrinizə həll edəcəklər. İki gözüm də görmür, bu vəziyyətdə niyə kredit götürməliyəm? Niyə hökumətim mənə sahib çıxmır? Dəfələrlə rayon icra hakimiyyətinə müraciət etmişəm. Amma şikayətimə məhəl qoyan yoxdur”.

Yaşadıqları ikiotaqlı kürsülü evin aşağı hissəsi tamamilə yararsız vəziyyətdədir. Şikayətçi deyir ki, oranı artıq otaq yox, zirzəmi kimi istifadə edirlər:

“Ev atam tərəfindən, təxminən 1955-ci ildə çiy kərpicdən tikilib, artıq yaşayış üçün yararsız hala gəlib. Adamın ev deməyə dili gəlmir, tövlə buradan yaxşıdır. Hər iki otağın divarları, döşəməsi və tavanı bərbad vəziyyətdədir. Həyat yoldaşımla oğlum yağış yağanda, evin içərisində vedrə dəyişməkdən bezirlər. Yeriyəndə döşəmə yırğalanır. Divara yaxın getmirik ki, bu dəqiqə üzərimizə uçacaq.

İcrada isə deyirlər ki, prezident vətəndaşların evlərinin tikilməsinə görə pul ayırmır. Mən Prezidentə məktub yazıram, onlara yönləndirilir ki, maraqlanıb vətəndaşa kömək edin. Əgər onlar deyən kimidirsə, qoy, məktubuma rədd cavabı yuxarıdan gəlsin. Bəs yaxşı, niyə evimə baxış keçirməyə gəlirlər? Deməli, mənim problemimi yuxarıya bildirməkdən ötəri gəlirlər. Əgər elə bir məqam yoxdursa, niyə evimə baxırlar, elə birbaşa cavabı Prezidentə yazsınlar də.

Beş-altı dəfə şikayət etmişəm, amma maraqlanan yoxdur. Vətəndaşı saymırlar, problemlərini görmürlər. Həyat yoldaşım deyir ki, otaqlara girməyə qorxuram. Cavan oğlum həmin otaqda yatır. Bir gün divar uçub ödladımın üstünə düşsə, kim cavabdeh olacaq?”

Füzuli Məmmədov evinin qəzalı vəziyyətdə olması ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə ilk dəfə 2018-ci il iyulun 5-də müraciət edib. Dediyinə görə, icra nümayəndələri tərəfindən evə baxış keçirilib, yararsız olması ilə bağlı akt tərtib edilib:

“Növbəti dəfə 2019-ci il iyulun 18-də təkrar icraya getdim. Yenə baxdılar, dedilər ki, ev çox acınacaqlı vəziyyətdədir. Təmir üçün çox pul lazımdır, buna da bizim gücümüz çatmır. Mənimlə eyni vaxtda bir qadın da evinin təmir-bərpası ilə bağlı icra hakimiyyətinə müraciət etmişdi. Onun sözlərindən belə başa düşdüm ki, icra hakimiyyəti tərəfindən həmin qadının evi iki-üç il öncə təmir edilib. Qadın təkrar yenə gəlmişdi ki, evimi yenidən təmir edin. Ona dedilər ki, sənin evini yaxın vaxtlarda təmir etmişik. Qadın narazılıq etdi, başladı ağlamağa. Bundan sonra icradakılar ona dedilər ki, yaxşı, ağlama, get, gəlib evinə bir əncam çəkəcəyik. Mən başa düşmürəm, ağlamayana əppək yoxdur? Gərək mən də ağlayam ki, gəlib, mənim də evimə bir əncam çəksinlər? Məni əliboş geri qaytardılar, şikayətimi həll etmək istəmədilər. Qulaqlarımla eşitdim, həmin qadınla belə bir söhbət oldu. Amma indi oradakılar bu hadisəni boyunlarına alıb-almayacaqlarını deyə bilmərəm”.

“Bir gün divar uçub ödladımın üstünə düşsə, kim cavabdeh olacaq?”

Şikayətçi söyləyir ki, rayon icra hakimiyyətinin nümayəndələri dəfələrlə evin yararsız olmasını etiraf ediblər. Lakin köməklik göstərmək məsələsində kənara çəkilirlər:

“Üç nəfər idilər, qapının ağzındaca dayanıb, otaqlara baxdılar, içəri girməyə qorxdular. İcra Hakimiyyətinin memarı Kamil Qasımov evin içinə girmədi ki, uçacaq. Dedilər ki, sizi əlillər üçün nəzərdə tutulan ev növbəsinə götürürük, razılaşmadım. Camaat illərdir ev növbəsi gözləyir, gec olar. Hazırda mən və ailəm təhlükə qarşısındayıq. Bir neçə dəfə evə baxış keçirsələr də, yaxın durub, bir köməklik göstərmədilər. Hazırda evdə, iki nəfər də rəhmətlik qardaşımın övladları olmaqla altı nəfər yaşayırıq. Hamam-tualet, hətta küçə qapısı belə yoxdur. Qonşuluqda yaşayan qardaşımın hamam-tualetindən istifadə edirik. İnanın ki, adam xəcalət çəkir. Bugün-sabah onun övladları ailə quracaq. Belə olmaz axı, nəsə bir əncam çəkmək lazmdır. Gözlərim görməməklə yanaşı, həm yüksək təzyiqim var, həm də şəkər xəstəliyindən əziyyət çəkirəm. İldə iki dəfə müalicə götürməliyəm, amma heç biri olunmur. Maddi imkanım yoxdur. Əlacsızlıqdan heç nə edə bilmirəm. Əlilliyə görə 350 manat təqaüd alıram. Bununla bağlı heç yerə müraciət etmirəm. Çünki etdiyim müraciətlərin hamısı cavabsız qalır. Oğlum Nurlan işsiz idi, dəfələrlə rayonun Məşğulluq Mərkəzinə getmişdi, iş vermirdilər. Meydan TV-yə işsizliklə bağlı müraciət edəndən sonra ona Məşğulluq İdarəsi tərəfindən Göyçay Abadlaşdırma və Təmir İdarəsində iş verildi, hazırda 241 manat əməkhaqqı alır.

Evə gəlincə, komissiya təşkil olunsun, gəlib baxsınlar, ona müvafiq də qərar verib evi yaşanacaq hala gətirsinlər”.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov Meydan TV əməkdaşı ilə söhbətində bildirib ki, İH-nə vəsait ayrılmadığı üçün qurum vətəndaşların fərdi evinin tikintisi, yaxud təmirini həyata keçirmir:

“Hər həftə çərşənbə axşamı rayon icra hakimiyyəti başçısının vətəndaşlarla qəbul günüdür. Qarşıdan gələn həftə üçün 38 nəfər qəbula yazılıb. Onların təxminən iyirmi nəfəri mənzillə təmin edilməsi və ya evlərinin təmir olunması ilə əlaqədar müraciət edib.

Bildirim ki, rayon icra hakimiyyətinə, həmçinin şəhər və kənd icra nümayəndələrinə vətəndaşların mənzillə təmin olunması, fərdi yaşayış evlərinin təmir edilməsi ilə əlaqədar heç bir vəsait ayrılmır.

Yalnız Göyçay Rayon Mənzil İstismar İdarəsinin balansında olan binalaeın fasad hissəsi, dam örtüyü və buna münasib bloklarında təmir işlərinin aparılması üçün işlər görülür.

Göyçay şəhərində 38 min əhali, 8590 ev, ünvan var. Təsəvvür edin, həmin evlərin 590 mini mənzil üçün müraciət etsə, nə olar. Təbii ki, kiminsə evi yanıbsa, vətəndaş küçədə qalıbsa, icra hakimiyyəti, rayonda fəaliyyət göstərən idarə və müəssisələr səfərbər olur, həmin adam evlə təmin olunur. Böyük sahibkarlara müraciət edirik, onların köməkliyi ilə evi yanan çöldə qalan insanlara yardım edirik.

Onu da deyim ki, hazırda rayonumuzda Heydər Əliyev Fondunun xətti ilə iki köhnə bağça sökülərək, yerində yenisi tikilir. Bağçalardan birinin korpusu sökülüb. Həmin söküntüdən çıxan istifadəyə yararlı tikinti materiallarını bizə müraciət edən vətəndaşlara vermişik.

Füzuli Məmmədov memarlıq şöbəsində olubsa, güman ki, ona da bu təklif edilib. Söküntüdə yararlı qapı, pəncərə və taxta, ehtiyacı olan vətəndaşlara verilir. Bu formada çoxsaylı insanlara köməklik edirik. Bunlar hamısı sənədləşdirilib, akt formasında əks olunur. Bu yoldaşa da eyni köməyi nəzərdə tuta bilərik. Amma onlar bununla razılaşacaqmı onu deyə bilmrəm. Hər halda, vətəndaş yeni həftənin çərşənbə axşamı icra hakimiyyətinə yaxınlaşsın, məsələni özü ilə müzakirə edək. Vətəndaşımıza bu və digər formada yardım göstərməyə çalışacağıq”.

“Hazırda evdə, iki nəfər də rəhmətlik qardaşımın övladları olmaqla altı nəfər yaşayırıq”

Sozcu.az

Facebook Comments