Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrıldı

2019/2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.
Bu barədə Sozcu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan I və II dərəcəli gözdən əlil abituriyentlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086) və “Abituriyentin elektron ərizəsi”ni iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya Mərkəzin regional bölmələrinə təqdim etməlidirlər.
Xatırladaq ki, bu ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.

Müsabiqədə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.