Görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin doğum günüdür

Ş.Nəzərli. Görkəmli Azərbaycan ziyalısı, ictimai-siyasi xadim, ədib, rəssam, Əli bəy Hüseynzadənin doğum günündən 156 il keçir.

SalamNews-un məlumatəna görə, Ə.Hüseynzadə 1864-cü ildə Salyan şəhərində anadan olub, uşaq yaşlarından babasının – Qafqazın şeyxülislamı Axund Əhmədin himayəsi altında böyüyüb. Tiflis gimnaziyasında, Sankt-Peterburq Universitetinin fizika-riyaziyyat, İstanbul Universitetinin hərbi tibb fakültələrində təhsil alıb, türk, fars, ərəb, alman və rus dillərini öyrənib.

Gənc yaşlarından ictimai-siyasi proseslərə biganə qalmayan Əli bəy Hüseynzadə Rusiya və Türkiyədə olarkən tələbə hərəkatına qoşulub. O, 1897-1900-cu illərdə türk-yunan müharibəsində İtaliyada hərbi həkim kimi çalışıb. Sonra yenidən İstanbula qayıdıb. “İttihad və tərəqqi” firqəsinin əsasını qoyanlardan və ən fəal xadimlərindən biri olub.

1904-cü ildə Bakıya gələn Əli bəy ictimai-siyasi işlə yanaşı, jurnalistlik fəaliyyətinə də başlayıb, “Həyat” qəzetinin redaktorlarından biri, “Kaspi” qəzetinin müvəqqəti redaktoru, “Füyuzat” jurnalının isə redaktoru kimi çalışıb. Söz və mətbuat azadlığı uğrunda mübarizə aparıb. 1908-ci ildə “Səadət” Xeyriyyə Cəmiyyətinin məktəbində müdir işləyıb. İki il sonra Türkiyəyə qayıdaraq qısa bir müddətdə İstanbul Universitetinin professoru olub.

Bütün fəaliyyəti boyu “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını əsas hesab edib. Təsadüfi deyildir ki, bu ideologiya Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan müstəqil Azərbaycan Respublikasının dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) öz əksini tapıb.

Əli bəy Hüseynzadə 1940-cı ildə dünyasını dəyişib.

Facebook Comments