“Getdilər edamlıq adamlar kimi” – Mərahim Nəsib

Mərahim Nəsib

“Şeirlər”

Getdilər edamlıq adamlar kimi,
Bahar da gəlmədi, gün də çıxmadı.
Sonuncu çiçək də əlimdə soldu,
İstədim bir kəlmə qayıt gəl deyim,
Çıxdı ürəyimdən dilimdə qaldı.
Bir də pəncərənə baxmadım sənin,
Daha kövrəlməyi, fəryadı kəsdim.
Otağın hər küncü, hər yeri indi,
Külqabı qoxuyur, tütün qoxuyur,
Olandan avara sərsəri indi.
Düşəndə qəflətə birdən düşürsən.
Göydən yıxılırsan, yerdən düşürsən.
Bəla da gələndən özündən gəlir,
Hər şeyi xeyirə yozsan da hər gün,
Yediyin, içdiyin gözündən gəlir.
Əlacın kəsilir çıxıb gedirsən,
Gedirsən, baxaraq evə-eşiyə,
torpağa, səmaya baxıb gedirsən.
Onsuz da deyilki birinci dəfə,
Qayıdıb məzardan kiçik beşiyə,
Beşikdən məzara çıxıb gedirsən.
*****
Köçüb bu yerlərdən uzağa getsəm,
Bəlkə uzaqlaşıb özümə gəldim.
Bu dərdim, kədərim az imiş kimi,
Yeriyib dərdlərim dizimə gəldi.
Dilim, dodaqlarım tutulub qalıb,
Daha gözlərim də üzümə baxmır.
Dilimdən, könlümdən unutmaq keçir,
Dilim də, könlüm də sözümə baxmır.
Zaman düşüncəmdə donub sən olub,
Elə bil qurumuş nar ağacıyam.
Mən hər gün asıram səni gözümdən,

İntihar körpüsü, dar ağacıyam.
Günüm-güzəranım, işim darıxmaq,
Bir də ki, durmadan yazıram sənə.
Hər axşam gördüyüm yuxunu səhər,
Tez suya danışıb yozuram sənə.
Sən məni qınama, belədi sevgi,
Yorğun gecələrin qonağıyam mən.
Günbəgün böyüyüb qocalan dərdin,
Özümə qayıdan ayağıyam mən.
Səndən icazəsiz yazsam da sənə,
Bağışla, təsəllim ancaq şeirdi.
Bu sevgi səni də edəcək dəli,
Yenə fikirlərim belə deyirdi.
*****
Bu yollar dolaşıb ayaqlarıma,
Ta gəlmir səsin də qulaqlarıma.
Təbəssüm qonanda dodaqlarıma,
Bildim ki, xoşbəxtsən hardasa düzü.
Sevgimi gizlənib hörüklərində?
Bəs nədir, süzülür kipriklərindən?!
İndi bətnindəki təpiklərin də,
Gəlib ürəyimə dəyir hər izi.
Dönərəm başına səmazən kimi,
Qara saçlarıma düşən dən kimi.
Heç kimi sevmədim hələ sən kimi,
Hələ də həsrətdi dilimin sözü.
İndi də çağırsan durmadan gəlim,
Sənə qovuşmağa dərt deyil ölüm.
Susub dinməsə də lal olmuş dilim,
Ruhuna baxırdı könlümün gözü.
Sonuncu görüşçün yaman darıxdım,
Qəfildən səs gəldi, baxıb karıxdım.
Bu gündən həsrətin saatın taxdım,
Neynəyək, sevmədi bəxtimiz bizi.
*****
Elə yorulmuşam, üz-gözümdəki

ləkəli-ləkəli qırışlar kimi.
Yaman gözləyirəm gəlişlərini,
Ümidsiz dikilən baxışlar kimi.
Yorulduq, dözmədik ta dizə gəldik,
Bilmirəm, bəlkə də biz gözə gəldik.
Gör, neçə il sonra üz-üzə gəldik,
Görüşdük amma ki, tanışlar kimi.
Baxmadım üzünə xəcalətimlə,
Halbuki yanırdım mən həsrətinlə.
İslansın üst-başım məhəbbətinlə,
Səp yenə üstümə yağışlar kimi.