Gerçək tarix yazılsa…

Oqtay Qasımov

Prezident İlham Əliyevin “tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil”fikrini dəstəkləyirəm. Sifarişlə yazılan saxta tarixi cəmiyyət qəbul etmir. 1988-ci ildən sonrakı ən yeni tariximiz obyektiv yazılarsa, o zaman cəmiyyət həmin dövrdə hər kəsin fəaliyyətini bir daha xatırlayıb, biləcək ki, 1992-ci ilin martın 6-da AXC-nin təklifi ilə Ali Sovetin “Milli Etimad hökuməti yaradılması”haqqında qərarı necə sobataj edilib, 26 martında isə AXC-nin ciddi dirənişinə və xəbərdarlığına baxmayaraq hansı hakimiyyət hərisləri prezident seçkilərinə getmək haqqında qərar qəbul edib. Bilinəcək ki, Qarabağda vəziyyət kəskinləşib, Şuşa təhlükəyə düşəndə AXC-nin siyasi fəaliyyəti və seçki kompaniyasını dayandırmaq barədə etdiyi müraciətə kimlər mənfi cavab verib. Bilinəcək ki, Şuşaya təhlükə yarananda kimlər prezident seçkilərində iştirakla bağlı qoyulan “Yaş senzinin” ləğv edilməsi və istefa vermiş prezidentin “səlahiyyətinin bərpası” tələbi ilə Milli Məclisin və Elmlər Akademiyasının qarşısında çadırlar qurub fasiləsiz mitinqlər keçirirdi. Tarix obyektiv yazılsa, bilinəcək ki, Şuşanın işğalı məhz AXC-nin hakimiyyətə gəlməsinin qarşısının alınması üçün Rusiyanın həyata keçirdiyi əməliyyat olub. Bilinəcək ki, Rusiya ilə sövdələşdiyini və “hakimiyyətə gələcəyi təqdirdə Şuşanı qaytaracağını” söyləyən kim olub. Bilinəcək ki, Şuşanın müdafiəsinə məsul olan şəxslərdən kimlər sonradan necə general rütbəsi alıb, Müdafiə Nazirliyində yüksək vəzifələrə təyin olunublar. Ümid edirəm ki, bu tarix yazılarkən “Şuşa və Laçının iğşalnını” araşdıran Məhkəmənin materiallarına da istinad olunacaq və bilinəcək ki, bu hadisələrində AXC-ni günahkar çıxaracaq heç bir dəlil yoxdur. Bunlar tarixçilərin görəcəyi işlərdir.

Bu günümüzə gəldikdə özümüz bu sualın cavabın tapmalıyıq ki, necə olur iflas durumundakı kasıb Ermənistan Qarabağ savaşında yaralanmış 6000 (altı min) nəfərə pensiya müavinətindən əlavə 500 min dram- təxminən 1000 dollar-1700 manat birdəfəlik müavinət (bizdəkindən nisbətən az) verə bilir, amma məmur etinazıslığından bizdə bu və digər məsələlərdə ciddi problemlər qalmaqda.

Son iki ayda hakimiyyət tərəfindən Əbülfəz Elçibəyə edilən haqsız hücumlar “Qarabağın Azərbaycanın tərkibində statusu imkansız və qəbuledilməzdir” deyən Xankəndindəki terrrorçu Arayikə qarşı yönəlsə idi, indi bu terrorçular orada meydan sulamaz, əksinə 10 noyabr anlaşmasına uyğun olaraq rədd olub gedər, erməni faşizminin simvolu olan Qaregin Njdeyə Xocavənddə heykəl qoyulmaz, “Rus sülhməramlılarının təminatı ilə müstəqil dövlət qururuq və azərbaycanlıların nəzarətimizdəki ərazilərə gəlməsi mümkünsüzdür” deyilməz və Milli birliyimizə xələl gəlməzdi.

Facebook Comments