“Əgər qızı pis yola düşübsə, bunun məsuliyyətini atası daşıyır…”

Xəbər verdiyimiz kimi Biləsuvar rayon Zəhmətabad kənd sakini Adil Həbiyev yüngül həyat tərzi keçirməkdə şübhəli bildiyi qızı Bağdagül Həbiyevanı yaşadığı evdə zəncirlə bağlayaraq ona işgəncələr verib.

Təbii ki, hadisə artıq prokurorluq orqanları tərəfindən nəzarətə götürülüb və istintaq davam edir.

Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu valideynlərin övladlarına qarşı bu cür sərt addım atmasının yolverilməz olduğunu bildirib:

“Əlbəttə, valideynlər tərəfindən övladlarına qarşı bu cür cəza tədbirlərinin görülməsi doğru addım deyil. Birincisi övladın pis yola düşməsi valideynin verdiyi tərbiyədən asılıdır. Evdə normal mühit olsa, inanmıram ki, qızlar pis yola düşərlər. Burda valideynlərin tərbiyə verməsinin rolu çox böyükdür. Bununla yanaşı, əgər qızı pis yola düşübsə, bunun məsuliyyətini atası daşıyır. Əgər qızının yüngül həyat tərzi keçirməsi atasının xoşuna gəlmirdisə, həddi-buluğa çatan qızını övladlıqdan çıxarıb deyərdi ki, bu küçə, bu da sən. Qohum-əqrabasını da çağırıb qızının tutduğu yola görə utandıra bilərdi. Amma vəhşilik etmək heç bir qanuna sığmır. Hər bir uşağın pis yola düşməsi ailədən və bir də dostlarından asılıdır”.

Facebook Comments