“Gec və ya tez Qarabağda hərbi əməliyyat başlayacaq” – Keçmiş nazir

Məlum olduğu kimi, son vaxtlar işğalçı ölkənin Azərbaycana yönəlik təxribatları artmaqdadır. Xüsusilə də düşmənin “cəza dəstələri” yaratması, Azərbaycan hərbçisini şəhid edən erməniləri mükafatlandırması, hər addımda müharibəyə hazır olduqlarını nümayişkəranı surətdə dilə gətirməsi işğalçı ölkənin öz təcavüzkar niyyətindən əl çəkmədiyini göstərir.
Qondarma Qarabağ “respublikası” rəhbərinin təhlükəsizlik məsələləri üzrə köməkçisinin “öldürün və mükafatlandırın” siyasətini dəstəkləməsi, Azərbaycanla “məhz bu dildə” danışmağın vacibliyini vuğulaması da düşmənin sözün həqiqi mənasında qana susadığını göstərir.

Ermənistan və işğaldakı ərazilərdə formalaşan qondarma rejimin artan təxribatları Qarabağ probleminin gələcəyinə nə vəd edir?

Sozcu.az xəbər verir ki, Sabiq XİN rəhbəri Tofiq Zülfüqarov düşmən təxribatlarının gec-tez müharibəyə rəvac verəcəyini deyir:

“Baş verənlər göstərir ki, Qarabağ və Paşinyan qruplaşması arasındakı gərginlik məhz Qarabağ məsələsində öz inkişafını tapsacaq. Bu gərginlik, bu münaqişə məhz Qarabağ mövzusunda davam etdiriləcək. Baxın, öncə Ermənistanın müdafiə naziri Azərbaycan hərbçisinin şəhid edilməsi ilə bağlı əmri şəxsən verdiyi ilə bağlı bəyanat səsləndirdi. Daha sonra isə qondarma Qarabağ rejiminin təmsilçiləri daha sərt bəyanatlar verdi. Bu, onu göstərir ki, daxildə olan problemləri məhz hərbi əməliyyatların bərpası ilə həll eləmək istəyirlər. Ictimaiyyətə özlərini daha radikal,”vətənpərvər” göstərmək niyyətindədirlər.

Artan təxribatlar gec və ya tez hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Çünki Paşinyan və digərləri məhz belə bir yol tutublar və görünən odur ki, axıra kimi getmək niyyətindədirlər”.

Moderator.az