Gəncləri təşkilatlardan uzaqlaşdıran səbəb nədir?

Elşən Əlisoy
Dünyada baş verən bütün hərəkatların nüvəsini gənclərin təşkil etdiyi hər birimizə məlumdur. Gənclərin qoşulmadıqları siyasi hərəkatın hansısa formada qələbə çalacağı mümkün deyil. Uzun illər boyu Azərbaycanda da iqtidar və müxalifət düşərgəsi arasında gedən mübarizədə iqtidara qarşı savaşın əsas özəyini gənclər təşkil ediblər. Əlində böyük imkanların olmasına baxmayaraq iqtidar meydana müxalifət sıralarında olduğu kimi mübariz və fədakar gənclik çıxarda bilmədi. İqtidaryönümlü gənclərdən fərqli olaraq müxalifətçi gənclər mübarizliyi və ölkədə baş verən siyasi proseslərə həssas mövqeyinə görə daha irəlidə dayanmağı bacardı.

Bu gün isə meydanların simvollarına çevrilən müxalifətçi gənclərin təmsil olunduqları təşkilatlardan ayrılmaları haqqında demək olar ki, hər gün məlumatlar eşidirik. Siyasi partiyalarda ciddi şəkldə “qocalaşma” prosesi gedir.Bununla da gənclərini narazı salaraq təşkilatdan uzaqlaşdıran partiyalar gələcəyi olmayan formal qrumlara cevrilməyə başlayırlar.

Ömürlərinin ən gözəl çağlarını siyasi mübarizəyə həsr edən, başqa tay-tuşları kimi şəxsi problemləri üçün yox, demokratik cəmiyyət uğrunda mübarizəyə qoşulan bu fədəkar insanlar nəyə görə illərlə bağl olduqları təşkilatlardan uzaqlaşırlar? Hesab edirəm ki liderlər bu barədə düşünməli və bunu yaradan səbəblər aradan qaldırılmalıdır. Yoxsa elə başa düşülə bilər ki, bu proses elə birincilərin istəyi ilə həyata keçirilir.

Nələr baş verir? Gənclərin təmsil olunduqları təşkilatlardan “küsüb” getmələrinə səbəb nədir?

Partiyalarda uzun illər rəhbər vəzifələrdə olan yaşlı nəslin nümayəndələri ilə gənclər arasında çox ciddi problemlər mövcutdur. Gənclərin çox zaman yeni fikirlər irəli sürməsi və ciddi mübarizə tələb etməsi keçmişin xatirələri ilə yaşayan bu insanlarda ciddi qıcıq yaradr. Yeni bir təşəbbüslə çıxış edən gənclərin yaşlı nəsildən “əlindən tutub siyasət öyrətmişəm, indi mənə dərs keçirsən?” kimi lazımsız fikirləri ilə şəxsən mən çox rastlaşmşam.

Tənqidə dözümsüzlük partiyaların ən ciddi nöqsanlarından biridir.

Partiya üzvü olan gəncin təşkilatın kursunu və ya partiyanın hansısa funksionerini tənqid etməsi onun “vətən xaini, xalq düşməni” adlandırılmasına səbəb ola bilir. Uzun illər yol gəldikləri insan haqqında qısa bir zamanda dezinformasiya yayaraq, onu hakimiyyətlə iş birliyində suçlamaq siyasi partiyaların qocalarının əksəriyyətinin vərdişinə çevrilmiş adi bir haldır. Bu da öz yaş dövrünün çılğınlqlarını yaşayan gənclərin gözündə bağışlanmaz günah sayılr. Bütün bu hallar Intiriqabazlıqdan uzaq olan, qrupbazlq yox, komanda prinsipləri ilə yaşayan gənclərin saf duyğularının əzilib-tapdanmasına səbəb olur.

Təşkilatlarda gənclərin yaşadığı problemlər haqqında çox yazmaq olar. Bunun ən əsası isə odur ki, gənclərlə illərdir ki, özü olmayıb adı olan kresloya yapışıb qalmış yaşl nəslin nümayəndələri arasında açıq bir mübarizə gedir. Təşkilatların birinci şəxslərinin də çox vaxt həqiqəti araşdırıb nöqsanı aradan qaldırmağa cəhd etməməsi, əksinə köhnə silahdaşlarının tərəfini saxlaması gənclərin qəlbən qırılmasına və təşkilatdan getməsinə səbəb olur.

Unutmayaq ki, gənc nəslin təmsil olunmadığı ideoloji təşkilat övladı olmayan sonsuz bir ailəyə bənzəyir.

Gənclik ruhdur. Ruhsuz bədəni isə ancaq ölü adlandırmaq olar. Gənclərə “şüarçı uşaqlar” gözü ilə baxmağa son qoymaq lazımdır. Unutmaq olmaz ki, mübarizə meydanlarında olan müasir gənclik mütilik yox azadlıq ruhu ilə nəfəs alır. Bu gənclərlə öz dövrlərinizin gənclərini eyniləşdirməyin. Bu günki gənclik məsləhət dinləməyi yox, düşünüb nəticə çxartmağa daha çox önəm verir. Gənclərlə mehriban olun, qısa bir zamanda Azərbaycan gəncliyinin əsas qüvvə olaraq prosesləri əllərinə alacaqlarını görəcəksiniz. Heç olmasa o zaman onların ayaqlarının altını qazmayın, yoxsa qazdığınız o quyuya özünüz də bilmədən yenidən Azərbaycanımızı və müqəddəs arzularımızı salacaqsınız!

Facebook Comments