“Gəncə məhbusu”nu ölümə sürükləyirlər” – Oqtay Gülalıyev

Gəncə hadisələri ilə bağlı həbs olunub ağır işgəncələrə məruz qalan, bir neçə gün öncə həbsxanada infarkt keçirən Şahin Verdiyevin vəziyyəti ağır olaraq qalır. Bu gün qohumları Penitensiar Xidmətin Müalicə müəssisəsində onunla görüşüblər. Ailə üzvlərinin bildirdiyinə görə Şahinin bədənin bir tərəfi, sol ayağı işləmir, ağızı əyilib, bədəni göyərib və s. Müalicə Müəssisəsində onun müalicəsi ilə bağlı heç bir addım atılmır, tibbi yardım göstərilmir. Sadəcə dəhşətdir, adamı göz görə- görə ölümə sürükləyirlər…

Ailə üzvlərinin verdiyi məlumata görə Şahinin vəziyyəti öncə məhkəmədə pisləşib. Lakin hakim Dadaş İmanov laqeydlik göstərərək məhbusa ilkin tibbi yardım göstərilməsi ilə bağlı gərəkən heç bir addım atmayıb. 1 saylı Bakı İstintaq Təcridxanasına gətirilən və durumu burda daha da pisləşən Şahin Verdiyevə yenə lazımi tibbi yardım göstərilməyib. Deyilənə görə İstintaq Təcridxanasında olan həkimlərin biri hətta yardım göstərilməsinə mane olub (!?). Vəziyyəti pisləşən məhbus Müalicə Müəssisəsinə köçürülüb, amma hazırda orda da ona lazımi tibbi yardım göstərilmir…

Şahin Verdiyev 2018- ci ilin iyulunda Gəncədə baş vermiş məlum hadisələrlə bağlı həbs olunub. O, həbs olunan zaman ağır işgəncələrə məruz qalıb. Dəfələrlə döyülüb, təhqir edilib. Ona elektroşok verilib, 2 dəfə huşunu itirib. Təcili tibbi yardım gəlib və s. Hazırda onun və digər təqsirləndirilən şəxslərin məhkəmə prosesi gedir. Əgər buna məhkəmə demək olarsa… Ailə üzvlərinin verdiyi məlumata görə Şahin Verdiyevin infarkt keçirməsinə səbəb onun həbs zamanı üzləşdiyi ağır işgəncələr və hazırda məhkəməsinin ədalətli keçirməməsi üzündən aldığı mənəvi travmalardır…

Məncə əlavə şərhə ehtiyac yoxdur. Baxın gözümüzün qarşısında Gəncə hadisələri zamanı şərlənib həbs olunan məhbuslar, onların valideynləri müxtəlif formalarda ağır mənəvi zərbə alırlar. Bəziləri sağlamlığını, bəziləri isə həyatlarını itirirlər. Çox təəssüf ki, bir çoxlarımız da bu faciələri görməzlikdən gəlirik. Sözdə “vətən”, “millət” deyirik. Amma bu vətənin, millətin övladlarına divan tutulur, biz özümüzü görməməzliyə vururuq, susuruq. Baş verən cinayətlərə, insanlıq dramına göz yumuruq. Bakının mərkəzində “Gəncə işi” ilə bağlı məhkəmə keçirilir, gedib orda iştirak edib repressiyaya məruz qalan insanlara dəstək olmuruq.

Gəlin susmayaq! Haqqı- hüququ tapdanan insanlara, şərlənib həbs olunan, məhşər ayağına çəkilən soydaşlarımıza dəstək olaq. Unutmayaq bu vətən də, onun çarmıxa çəkilən övladları da bizim insanimizdir, vətəndaşımızdır!

P. S. Sabah (artıq bu gün- red.), 02 may saat 11.00- da Sabunçu rayon məhkəməsində “Gəncə işi” ilə bağlı 2 qrupun məhkəmə prosesi olacaq. Giriş sərbəstdir…

Oqtay Gülalıyev, hüquq müdafiəçisi