Gəncə məhbusları iki gündür aclıq aksiyası keçirdiklərini bildirirlər

“Elə bil daş-divara oxuyursuz bu qədər cəzanı. Hanı bir sübut?”

Gəncə hadisələrinə görə həbs olunanlardan 8 nəfər – Bəkrəm Əliyev, Həbib Qurbanov, Elmir Hüseynzadə, Vüqar Yusifov, Şahin Verdiyev, Emil Məmmədov, Mirzə Hüseynov və Asif Cavadov sentyabrın 5-dən aclıq aksiyasına başladıqlarını bildiriblər. Onlar sentyabrın 6-da öz məhkəmələrində bu barədə məlumat veriblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər bildiriblər ki, prokurorun bir gün əvvəlki çıxışına, onlara, xüsusən Bəkrəm Əliyev və Həbib Qurbanova ağır cəza (15-16 il həbs) tələbinə etiraz olaraq, aclıq edirlər.

“Elə bil daş-divara oxuyursuz bu qədər cəzanı. İnsan həyatıdır, bu. Biz neyləmişik? Hanı bir sübut? Mənim ömrüm çürüyür orada, neyləmişəm axı? Bu qədər haqsızlıq ədalətsizlik olar?”, – deyə Həbib Qurbanov etirazını bildirib.

Təqsirləndirilən şəxsləri sakitləşdirməyə çalışan hakim deyib ki, prokurorun çıxışı hələ son qərar demək deyil, hökmü məhkəmə verəcək. Ona görə də bəri başdan bu qədər narahatlığa əsas yoxdur.

“Guya biz bilmirik siz neyləyirsiz? Prokurorun istədiyindən 1-2 il çıxıb, cəzanı verəcəksiz. Sonra da apelyasiya ya 1-2 il çıxacaq, ya çıxmayacaq, Allah bilir. Bizim də ömrümüz çürüyəcək. Niyə? Adamı yandıran odur ki, biz heç bir cinayət törətməmişik. Heç nədən bizə bu qədər cəza verilir. Belə qansızlıq olar?”, – təqsirləndirilən şəxslər məhkəmədə etirazlarını davam etdiriblər.

Təqsirləndirilən şəxslərdən Şahin Verdiyevin, Asif Cavadovun vəkilləri çıxış edib. Cinayət işinin materiallarında iddia olunur ki, A.Cavadov polis polkovniklərini qətlə yetirməkdə suçlanan, hadisədən iki gün sonra öldürülən Rəşad Böyükkişiyevi meydanda qoruyurdu. A.Cavadovun vəkili çıxışında deyib ki, bu ittiham həqiqətə uyğun deyil, Asif həmin vaxt ümumiyyətlə, Rəşadın yanında olmayıb.

A.Cavadovun uşaq yaşlarından valideynini itirdiyini, bibisinin himayəsində böyüdüyünü deyən vəkil onun səhhətindəki problemlərdən danışıb.

Çıxış edən vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin günahsız olduğunu, onlara qarşı irəli sürülən ittihamların sübuta yetirilmədiyini vurğulayaraq, onlar haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

Məhkəmə prosesi sentyabrın 12-də davam edəcək.

Təqsirləndirilən şəxslərin aclıq aksiyasına başlaması barədə dediklərinə Penitensiar Xidmətdən açıqlama almaq mümkün olmayıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29.120 (qəsdən adam öldürməyə cəhd) maddəsinin bir neçə bəndi, 220.1 (kütləvi iğtişaşları təşkil etmə və ya iştirak), 228.4 (qaz silahı, soyuq silah əldə etmə, satma və ya gəzdirmə) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddələrilə ittiham irəli sürülüb.

Sentyabrın 5-də prokuror çıxışında iddia edib ki, ittihamlar məhkəmə istintaqında da sübuta yetirilib. O, bu maddələrlə Bəkrəm Əliyevin 16, Həbib Qurbanovun isə 15 il azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən şəxslərin üzərindən qəsdən adam öldürməyə cəhd ittihamının götürülməsini məqsədəuyğun sayan prokuror qalan maddələrlə Mirzə Hüseynovun 8 il, Asif Cavadov və Elmir Hüseynzadənin 7 il, Şahin Verdiyev və Vüqar Yusifovun 6 il, Emil Məmmədovun 5 il azadlıqdan məhrum olunmasını təklif edib. Prokurorun fikrincə, Bəkrəm Əliyevlə Həbib Qurbanovun ciddi rejimli, 5 nəfərin ümumi rejimli, Emil Məmmədovun isə tərbiyə müəssisəsində saxlanmalıdır.

Emil Məmmədov həbs edilərkən onun 15 yaşı olub. 2002-ci il təvəllüdlü Emil hələ də yetkinlik yaşına çatmayıb.

Gəncə hadisələrinə görə 80-ə qədər şəxs həbs olunub. Onların işi bir neçə qrupa bölünərək məhkəməyə göndərilib. Onların arasında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə təqsirləndirilən Yunis Səfərov da var.

İşi məhkəməyə göndərilən 6 qrupa hökm oxunub, apelyasiya şikayətinə baxılıb. Birinci instansiya təqsirləndirilən şəxsləər 6 ildən 10 ilə qədər cəza verib. Apelyasiya Məhkəməsi əksəriyyətinin cəzasını azaldıb, ümumilikcə 6 nəfər azadlığa buraxılıb.

Həbs olunanlar ötən il baş verən 10 iyul aksiyasıyla əlaqədar Gəncədə kütləvi iğtişaşların təşkilində, həmin hadisələr vaxtı polislərə qarşı zorakılıqda, müqavimət göstərməkdə təqsirləndirilirlər. Amma təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər.

Sozcu.az