Gəncə hadisələrindən 1 il 5 ay öncə ölkəni tərk etmiş şəxs ömürlük həbslə ittiham olunur

Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Gəncə hadisələrindən 1 il 5 ay öncə ölkəni tərk etmiş şəxs ömürlük həbslə ittiham olunur (!?)

2018- ci ilin iyul ayının 10- da Gəncədə baş vermiş məlum hadisələrin və bundan sonra açılan cinayət işlərinin saxta və qurama olduğunu ilk günlərdən demişik. Bu gün də o fikirdəyik. Amma doğrusu deyim ki, “Gəncə işi” ilə bağlı istintaq materialları ilə, məhkəmələrin gedişi ilə və eləcə də həbs olunanlar haqqında daha dərindən bilgi əldə etdikcə dəhşət adamı bürüyür. İnsanları saxta uydurma ittihamlarla şərləyib həbs etmək, onlara ağır işgəncə verib etmədiyi cinayətdə ittiham etmək, ağlasığmaz cinayət maddələri ilə yükləmək görəsən kimin (kimlərin) beyninin məhsuludur? Görəsən onların bu insanlara qəddar, amansız münasibətlərinin kökündə nə dayanıb? Həmin şəxslərin bu günahsız, binəva insanlardan verib ala bilmədikləri nə olub?

Gəncə hadisələri ilə bağlı elə insanlar həbs olunub ki, bu hadisələrin həmin adamlara heç bir aidiyyatı olmayıb. Məsələn, Rusiyada yaşayan, axırıncı dəfə Azərbaycanda- Gəncədə 2017- ci ilin fevral ayında olmuş Qurbanov Müşfiq belə şəxslərdəndir. Müşfiq Moskvada yaşayıb işləyir, ailəsini dolandırırmış. Azərbaycan tərəfi- Nəsimi rayon məhkəməsi 15 iyul 2018- ci ildə Gəncə hadisələrində iştirakı (!?), Yunus Səfərovla əlaqəsi (!?) ittihamı ilə onun haqqında axtarış qərarı çıxarır. Bu qərar və xahiş əsasında Rusiya tərəfi 22 oktyabrda Müşfiq Qurbanovu həbs edir və onun haqqında 6 aylıq həbs qəti imkan tədbiri seçir. Sonradan Müşfiqə Azərbaycan Cinayət Məcəlləsinin 20- yə yaxın ən ağır maddələri ilə ittiham irəli sürülür. Müşfiq Qurbanov Yunus Səfərovla birlikdə ağır cinayətlərdə- terror, adam öldürmə, dövlət çevrilişi, konstitusiya qurluşunu zoral dəyişdirmək, silah və s. kimi ittiham olunur (!?). Amma özünün və ailəsinin bildirdiyinə görə onun Yunus Səfərovla və ümumiyyətlə Gəncədə baş verən hadisəldə iştirakla heç bir əlaqəsi olmayıb. Olması da mümkün deyil. Çünki Müşfiq Gəncə hadisələrindən nə az, nə çox- düz 1 il 5 ay öncə Gəncəni tərk edib. Rusiya Miqrasiya İdarəsinin verdiyi rəsmi sənədlər də bu məlumatı təsdiq edir. Hazırda onunla bağlı heç bir istintaq hərəkəti aparılmır…

Müşfiq Qurbanov ruhi- psixoloji baxımdan xəstədir. Gəncədə Ruhi- Əsəb Dispanserində və Moskvada qeydiyyatdadır. Qanunvericilik baxımdan belə insanların həbsdə olması yol verilməzdir. Moskvada yerli məhkəmə onun haqqında olan həbs- qəti imkan tədbirinin uzadılması ilə bağlı qərarında qeyd edir ki, Rusiya qanunvericiliyinə görə Müşfiq Qurbanov ona qarşı irəli sürülən ittihamlara görə ömürlük həbs cəzası ilə ittiham olunur. Amma o, ona qarşı irəli sürülmüş ittihamları qətiyyətlə rədd edir, özünü zərrə qədər də olsun günahkar bilmir. Özü və ailəsi, yaxınları onun səhətindən narahatdırlar və azadlığa buraxılmasını tələb edirlər. O, həbsxanada yalnız dərmanlarla özünü “müalicə edir”, hər an həyatını itirə bilər…

Dövləti bu qədər hörmətdən, nüfuzdan salmaq olmaz. Bunu biz demirik. Məşhur deyimdə olduğu kimi “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Çox təəssüf ki, Azərbaycanda günahkar məmurlar cəzasız qalır, günahsız insanlara isə cəza verilir. Bu isə dövlətin sarsılması deməkdir. Gəlin dövlətin sarsılmasına imkan verməyək. Unutmayaq bizim bir dövlətimiz var. Onu sarsıtmağa heç kimin ixtiyarı yoxdur!