Füzuliyə böhtan atan fars “professor”

“Füzuli” təxəllüsünün mənası “çərənçi”, “boşboğaz” deməkdir. Aydındır ki, şair ya təvazökarlıqdan bu təxəllüsü seçib, ya da istəyib ki, onun təxəllüsünü digər şairlər götürməsinlər və beləliklə də onun qəzəlləri digər eyni təxəllüslü şairlərin şeirləri ilə qarışdırılmasın.

24 aprel 2021-ci il tarixdə “İran” telekanalının “Fars ədəbiyyatının tədrisi” proqramında isə aparıcı böyük Füzuli haqqında təhqiramiz böhtanlar deyib: “Bu şair (Füzuli) öz adını əbəs yerə seçməyibdir, əksinə, o, Saib Təbrizinin çərənçisi olubdur. Saibin qoşduğu hər şeiri bu şair türkcə yazıbdır”.

Bu sitatdan belə bir nəticə çıxır ki, ya bu “professor” o qədər savadsızdır ki, Füzulinin 16-cı əsrdə, Saibin isə 17-ci əsrdə yaşamasını, başqa sözlə, Saibin Füzulinin ölümündən 45 il sonra dünyaya gəlməsini bilmir, ya da Füzulini gözdən salmaq üçün ona böhtan atır. Çünki tamamilə aydındır ki, Füzuli Saibdən yox, yalnız Saib Füzulidən təsirlənə bilərdi.

Təəssüf ki, bu hadisə bəzi İran tədqiqatçılarının Füzuli istedadına qısqanclıqla yanaşmalarını göstərən ilk hal deyildir.

Məsələ burasındadır ki, orta əsrlərdə şairin qüdrəti ilk növbədə onun “nüktə” (zərif və dərin mənalı poetik fikirlər) demək bacarığı ilə ölçülürdü (əslində elə indi də belə olmalıdır). Bu baxımdan da istər farsdilli, istərsə də türkdilli şairlərdən heç biri Füzulinin dediklərinin heç yarısı qədər də nüktə söyləyə bilməyiblər. Həmçinin fars şairlərindən heç biri üç dildə divan yazmayibdır.

Ona görə də Füzuliyə həsəd aparmağa səbəblər vardır.

Kamil Allahyarov (Hüseynoğlu),

f.e.d., professor

kult.az

Facebook Comments