Fuad Abbasov aclıq aksiyasına başladı

Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasov bu gün Azərbaycana göndəriləcək.

Bu barədə APA-ya jurnalistin vəkili Teyyub Şərifov məlumat verib. Vəkilin sözlərinə görə, artıq F. Abbasovun öz hesabına təyyarəyə bilet alınıb və jurnalist bu gün məcburi qaydada Azərbaycana yola salınacaq.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.

Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.

Dünən onun ölkədən deportasiya edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsi deportasiya barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Rusiyadan deportasiya həftədə iki dəfə – ikinci və beşinci günlər icra olunur.

Fuad Abbasov aclıq aksiyasına başlayıb.

Report xəbər verir ki, Rusiyada faəliyyət göstərən jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb, Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxladıqdan sonra bu gün Azərbaycana deportasiya olunacaq jurnalist səs yazısı paylaşıb.

Səs yazısında deyilir: “Mən bu gündən aclıq aksiyasına başladım. Çünki mən bu gün Azərbaycana getməli idim, amma aeroporta getdiyimiz yerdə yoldan avtomobili döndərib, məni Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə gətirdilər. Mən bununla razı deyiləm. Ya məni Azərbaycana göndərsinlər, ya da sərbəst buraxsınlar. Buna görə də aclıq aksiyasına başlayıram”.

Sozcu.az